Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın növbəti şeirini təqdim edir.
Onlar, boylarının uzun və
qısalığından, şərqi və ya qərbi təmsil etməsindən asılı olmayaraq oxşar məxluqlardı.
Gecə yuxusuna qədər gur, təmtəraqlı, ətrafının səcdəsinə durduğu, məddahlarının
tərif yağdırdığı, təbəələrinin uzunömürlü olması üçün dualar qıldığı bir həyat
yaşarlar. Lakin, gecələr yuxuları ərşə çəkilər. Gündüz alqışa zorlanmışların,
qorxuya, vahiməyə məcbur edilmişlərin, həbsə atdırdıqlarının, diri-diri bağrını
çatdatdırlarının gecələr qulaqlarını deşən, içini sarsıdan qarğışları onları
rahat buraxmaz. Əsməcə tutar, səksəkəli olar, bir anlıq da olsa şər əməllərindən
peşmançılıq keçirdiyini daxilən etiraf edərlər və yalnız ondan sonra ötəri
yuxuya gedərlər. Fəqət, dan yeri ağarmamış, gözünün açısı getməmiş, etdiyi
peşmançılıqdan vaz kecər, onu ucaldan, şöhrətləndirən, əlçatmaz edən kütlə üzərində
yeni tksperimentlərə başlarlar. Onların güvəndiyi, istinad nöqtəsi, hakimiyyətinin
uzunömürlü olmasına xidmət edən, güvəncsizlik içində saxladığı xalqdır. Etdiklərini
xalq adına, xalq naminə edərlər. Sən demə, onun məmurları qudurub, həddini
aşıb, harın həyat yaşamağa başlayıblar. Dərhal sərəncam verərlər, qudurmuşları
işdən çıxararlar və xalqın gözü qarşısında onları cəzalandırarlar. Ədalət
yerini tutar-tutmaz xalq onun qanını soran yeni bir məmur təyinatı ilə müjdələnər.
Başdan ayağa günah içində yaşamağa məhkum olan toplumda tək bir günahsız, tək
bir ədalət timsalı, tək bir ədalətli qərar verən münsif var. Onun adı əbədi ölməzlik
zehniyyəti içində özünə məxsus bioloji ömür yaşayan tirandır.
Sən məni ha daşla
Sən bir gün ölməyəcəyinə
arxayın düşüb,
bizi indidən öldüyə
yazma.
Dünya özü boyda qəbir
yeri,
qəbr içində qəbrimizi
qazma.
Sən məni ha daşla,
ölərəm, ayağına yatmaram.
Daha mən uşaq deyiləm,
qurbağaya uşaq vaxtı
atdığım
daşı da sənə atmaram.
Fərqli adamlarıq səninlə;
Mən hər gün ölümünə
hazır olan Allah bəndəsi,
Sən haqqa kəllə atan,
haqsızlığa göz yuman,
içində şər,
dilində yalan gəzdirən
ruhsuz bədənsən.
Dimdiyi ətə öyrəncəli,
elə, həmin gödənsən.
Nə çiçəyin açması,
Nə günəşin şəfəq saçması,
Nə həsrətli baxışlar,
Nə nur damlalı yağışlar,
Nə axıdılan göz yaşları,
Nə məzardan boylanan
qəbir daşları,
dəyişməz halını.
Nə edim ki, tiransan
unudubsan Allahını.
Dilin ürəkdən olduğunu
bilməzsən,
ömründə bir dəfə
ürəkdən gülməzsən.
Ağlatmaqdır peşən sənin,
Qandır içdiyin, nəşən sənin.
Nurəddin İsmayıl