Manatın məzənnəsinin kəskin şəkildə ucuzlaşması və bunun fonunda baş verən bahalaşma cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Bahalaşma prosesinin davam edəcəyi ilə bağlı səslənən ekspert rəyləri isə bu narahatlığı daha da artırmaqdadır. İqtisadçı ekspertlərin apardığı tədqiqatlar göstərir ki, ölkə həqiqətən də iqtisadi-sosial fəlakətin astanasındadır və qısa müddət ərzində özünü bu fəlakətin episentrində görəcək. Bu baxımdan bir addımlıqdakı iqtisadi fəlakətin təsirini mümkün qədər azaltmaq, ən azından aclıq və səfalət mərhələsindən sağ-salamat çıxmaq üçün bəzi ehtiyat tədbirlərinin görülməsi zəruridir.
Əhalinin
son iqtisadi-maliyyə böhranına qədər də olduqca ağır şərtlər altında yaşadığını
nəzərə alsaq, o zaman görüləcək ehtiyat tədbirlərinin də kifayət qədər məhdud
olduğu aydın olar. Lakin bununla belə aclıq öncəsi alınması gərəkən bəzi önləmlər
var ki, bu, kütləvi aclıq erası zamanı insanların ayaqda qalması üçün
faydalıdır.
Bu
tədbirlərdən biri və bəlkə də birincisi küçə itlərini qida ehtiyatı kimi
qoruyub saxlamaq və artırmaqdır. Heç bir vicdanlı məntiq sahibi inkar etməz ki,
bahalıq və devalvasiya bu sürətlə davam edəcəyi təqdirdə, yaxın altı ay ”“ bir
il müddətində insanlar acından ölməmək üçün eyniylə II Dünya müharibəsində
olduğu kimi küçə itlərinə üz tutmalı olacaq. O zaman küçə itlərinin dəyəri
indikindən qat-qat artaraq yaşam mənbəyinə çevriləcək, ac insanlara dünyanın ən
ləziz əti təsiri bağışlayacaqdır. Və çox güman ki, insanlar küçə itlərinə
sahiblənmək uğrunda əsl ölüm-dirim savaşına başlayacaq.
Ola
bilsin ki, bu gün bu proqnoz çoxları üçün xəyal təsiri bağışlasın. Lakin
unutmaq olmaz ki, biz ən qorxunc xəyalların reallaşdığı bir ölkədə yaşayırıq.
Hansı ki, bu gün yaşadığımız çox şeyə vaxtiylə xəyal kimi yanaşmışıq və bu gün
keçmiş xəyallarımız ən qaçılmaz gerçəyimizdir.
Bundan
başqa, II Dünya müharibəsi dövrünün aclıqla mübarizə təcrübəsi geniş şəkildə
öyrənilməli, ən azından psixoloji baxımdan mənimsənilməlidir. Belə bir təcrübə
aclıqla mübarizədə çörəkdən heç də az əhəmiyyət kəsb etməyən mühüm təcrübə mənbəyi
ola bilər.
Təbii,
aclıqla mübarizənin daha effektiv üsulu daha yaxşı yaşam uğrunda aktiv siyasi
mübarizə ola bilər ki, xalqın mövcud susqunluğu və itaətkarlığı fonunda bu
ehtimal o qədər də real görünmür. Bugünə qədərki proseslərin təhlili göstərir
ki, cəmiyyət mübarizə xaric hər şeyə hazırdır və bu həqiqəti uzun illərdir ki,
təkrar-təkrar sübut edir. Bu isə o deməkdir ki, Azərbaycan mətbəxi Çin mətbəxindən
nə qədər fərqli olsa da, qarşıdakı dönəmdə küçə itləri olmadan ötüşə bilməyəcəyik.
Lakin bu da son deyil...
Son
vaxtlar ölkə ərazisində əlaqədar qurumlar tərəfindən küçə itlərinə qarşı mübarizə
çərçivəsində xeyli sayda itin öldürülməsi cəmiyyətin potensial ərzaq
ehtiyatının da təhlükə altında olduğunu göstərir. Belə görünür ki, sabah səfalət
bütün məhrumiyyəti ilə qapını döyəndə ən xoşbəxt adam küçə iti ilə qarşılaşan şəxs
olacaq.
Pərviz
Əliyev