Son aylar hakimiyyət təmsilçilərinin Qərbə yönəlik ittihamları getdikcə artmaqdadır. Qərbi Azərbaycanın daxili işlərinə qrışmaqda ittiham edən hakimiyyət, ABŞ və Avropanın ölkəmizin inkişafını istəmədiklərini, məhz bu inkişafın qarşısını almaq üçün rəsmi Bakıya süni şəkildə təzyiq göstərməyə çalışdıqlarını bildirir.
Öncə onu qeyd edək ki, Azərbaycanda
nəinki Qərbin həsəd aparacağı hər hansı bir inkişaf yoxdur, əksinə sürətli
geriləmə var ki, bu geriləməyə sosial-iqtisadi və siyasi həyatın bütün
sferalarında rast gəlmək mümkündür. Əhalinin sosial vəziyyətinin sürətlə
ağırlaşması, problemli kerditlərin sayının pik hədd çatması, özəl və qeyri-özəl
sektorda həyata keçirilən ixtisarlar, bahalıq, infilyasiya, korrupsiya və monopoliya
Azərbaycanda yaşamı sözün həqiqi mənasında mümkünsüz edir. Bütün bunlar azmış
kimi siyasi hüquqların da son dərəcə məhdudlaşdırılması, demokratik azadlıqların
boğulması müşahidə edilir ki, bu da insanların etiraz haqqının belə əlindən
alınması deməkdir. Bütün bunlar bir daha göstərir ki, Qərbin Azərbaycanın
olmayan inkişafına paxıllıq etməsi üçün əsas yoxdur.
Bundan başqa, Qərbi Azərbaycan
vətəndaşına az qala əjdaha simasında təqdim edən hakimiyyət nədənsə, Rusiya və
onun Azərbaycana qarşı yol verdiyi tarixi cinayətlər haqqında bir kəlmə də
olsun danışmır. Halbuki əslində danışılması gərəkən məsələ budur.
Hakimiyyət Qərbi bizə ac
canavar kimi təqdim etsə də, Azərbaycan torpaqlarını işğal edən, ilhaq siyasəti
yürüdən, Ermənistana dəstək verən, Xocalı soyqırıçmnı törədən, ziyalılarımızı məhv
edən, sərvətlərimizi talayan, Sibir və Qazaxıstan çöllərini sürgün edilmiş azərbaycanlılarla
dolduran məhz Rusiya olub. O Rusiya ki, bu gün də Azərbaycana aşkar şəkildə
düşmən münasibət bəsləyir və Emənistana hərbi-siyasi, maddi-texniki dəstəyini
davam etdirir.
Əslində Rusiya təhlükəsindən
Azərbaycanı sığortalaya biləcək yeganə qüvvə məhz Qərbdir. Lakin hakimiyyətin məlum
siyasəti Qərb-Azərbaycan münasibətlərini sürətlə baltalayır ki, bu da ölkəmizi
faktiki olaraq Rusiya təhlükəsiz qarşısında müdafiəsiz qoyur. Hakimiyyət
anlamalıdır ki, Azərbaycan sabah Rusiya təhlükəsi ilə üzləşərsə, bunun bütün məsuliyyəti
ilk növbədə onun üzərinə düşəcəkdir. O zaman Qərbin, yoxsa Rusiyanın daha
qorxunc olduğunu təbliğ etməyə heç bir ehtiyac qalmayacaqdır.
Emil Ağabəyov