İndoneziya millət vəkilləri ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə İndoneziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Azərbaycan parlamentinin İndoneziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı İndoneziya nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
O deyib ki, İndoneziyada Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva İndoneziya Parlamentinin üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən İndoneziya Parlamentinin üzvləri millət vəkilindən Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. İndoneziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da surətlənəcəyinə inam vurğulanıb.
Millət vəkili Qənirə Paşayeva İndoneziya nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı,mədəniyyəti ilə bağlı da məlumatlar verib. İndoneziya Parlamentinin üzvləri Azərbaycana gəlməkdən böyük məmnuniyyət duyacağını deyib və Azərbaycanla Parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərini artıracaqlarını deyiblər. Görüşün sonunda Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırımı şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar da İndoneziya Parlamentinin üzvlərinə hədiyyə olunub.