Xəbər verdiyimiz kimi, Türkiyə vətəndaşlarının Rusiyaya, Rusiya vətəndaşlarının isə Türkiyəyə
daxili pasport əsasında səfər etməsi məsələsi gündəmdədir və yaxın gələcəkdə tərəflərin bu məsələdə razılıq əldə edəcəyi gözlənilir.
Maraqlıdır, türk dövlətlərinin vətəndaşlarının da bir türk dövlətindən digər türk dövlətinə daxili pasport əsasında səfər etməsi məqsədəuyğun olmazmı?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli buna çox ciddi ehtiyac olduğunu vurğuladı:
“Əslində qeyd etdiyiniz məsələ çoxdan reallaşmalı idi. Əslində TÜRKSOY proqramında ortaq dili, ortaq yazı dili, mədəni əlaqələr və s. ilə bağlı razılıqlar var. Lakin bu məsələdə ləngimələr var. Təəssüflər olsun ki, bu kimi məsələlərdə bəzi türk dövlətlərinin azad olmaq imkanı məhduddur. Ən böyük problem bununla bağlıdır. Biz soydaşlarımızla bağlı qanunun qəbul edilməsini istəyirik. Istəyirik ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycana sadə qaydalarla gəlib-getsinlər.
Gürcüstan vətəndaşları 100-dən çox ölkəyə daxili pasport əsasında gedib-gələ bilər. Məgər Gürcüstanın düşmənləri yoxdur? Təbii ki, var. Lakin Gürcüstan hesablayır və görür ki, kommunikasiya imkanlarının genişləndirilməsi onun maraqlarını təhdid etmir. Əksinə, bu, Gürcüstanın marağına cavab verir. Odur ki, türk dövlətləri vətəndaşlarının daxili pasport əsasında səfər etməsi həm türk dövlətlərinin, həm də türk xalqlaırnın marağına uyğun olar”.
Seymur ƏLİYEV