Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə Ermənistan ordusunun 2016-cı ilin məşhur aprel döyüşlərindəki məğlubiyyətini araşdıran komissiya yaradılıb. Hansı ki, siyasilərin bir çoxu bunu Paşinyanla erməni generalları arasındakı savaşın davamı kimi dəyərləndirir. Onların fikrincə, Paşinyan bu yolla onun iradəsinə tabe olmayan bəzi generalları səriştəsizlikdə ittiham edərək cəzalandırmaq, onların səlahiyyətinə son qoymaq niyyətindədir.
Moderator.az-a açıqlamasında Ermənistandakı məlum olayları şərh edən millət vəkili Aydın Mirzəzadə, düşmən dövlətdə erməni ordusunun məğlubiyyət səbəblərini araşdıracaq hələ çox komissiyanın yaranacağını vurğuladı:
“Ermənistanda ciddi daxili gərginliyin, qarşıdurmanın olduğu kimsəyə sirr deyil. Məsələ bundadır ki, Paşinyanın siyasəti sələflərinin siyasətindən heç nə ilə fərqlənmir. Dəyişən sadəcə toplananların yeridir. Hansı ki, riyaziyyatdan məlum olduğu kimi, topananaların yerini dəyişəndə, cəm dəyişmir.
Dünən olduğu kimi bu gün də Azərbaycana, onun ərazi bütövlüyünü eyni iddialar var. Ermənistan 2016-cı ilin aprel olaylarından dərs çıxarmaq, öz təcavüzkar siaysətinə son qoymaq istəmir. Iş belə gedərsə Paşinyan, yaxud ondan sonra gələn rəsmilər erməni ordusunun sonrakı aylarda üzləşəcəyi məğlubiyyətləri araşdırmaq üçün də yeni-yeni komissiyalar yaradacaqlar. “Aprel komissiyası” kimi daha bir neçə komissiyalar formalaşacaq. Çünki Paşinyan hökumətinin siyasəti Ermənistan üçün başlıq sonluq, başqa çıxış yolu qoymur”
Seymur ƏLİYEV