Bir müddət bundan öncə Keşikçi dağdakı məbəd- kompleksində yaşanan gərginlik, habelə ötən gün hərbi təyyarəmizin qəzaya düşməsi nəticəsində pilotumuzun itkin düşməsi son günlərin üzücü olaylarındandır.
Bəs medianın bu olaylar fonundakı fəaliyyəti nə dərəcədə qənaətbəxşdir? Media bu hadisələr fonunda yetərincə təmkin və peşəkarlıq sərgilədimi?
Moderator.az-a açıqlama verən media və təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev həm medianın, həm də dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı:
“Qeyd etmək lazımdır ki, bu hadisələr zamanı hər iki qurumun mətbuat xidməti öndə oldu. “Keşikçi dağ məsələsində sosial şəbəkələrəd daha böyük aktivlik var idi. Bu olayla bağlı həm DSX-nın, həm də XİN-nin mətbuat xidmətləri ictimaiyyətə mütəmadi informasiyalar verərək məsələyə aydınlıq gətirdilər. Biz ekspertlər tərəfindən də ictimai rəyin düzgün məlumatlandırılması baxımından gərəkli addımlar atıldı. Bütün bunların sayəsində insanlar baş verənlər haqqında məlumatlandı və hansı adekvat addımların atılacağını da bildilər.
Sonuncu üzücü olay da həssas yanaşılması gərəkən bir məsələdir. Çünki hələ ki, pilotumuzun aqibəti ilə bağlı dəqiq bir məlumat yoxdur. Odur ki, belə məqamda səsləndirilən ehtiyatsız və ya məsuliyyətsiz bir fikir mahiyyətcə insanların hissləri ilə oynamaq demək olar.
Hesab edirəm ki, hər iki olayda media özünü çox təmkinli apardı və müvafiq məlumatların yayılmasında peşəkarlıq nümayiş etdirdilər”.
Seymur ƏLİYEV