Bir neçə gündür ki, təmas xəttində vəziyyətin gərginləşməsi Azərbaycanın 2016-cı ildə olduğu kimi lokal hərbi əməliyyatlar keçirə biləcəyi ilə bağlı təklif və ehtimallara yol açmaqdadır. Bəs belə bir hücum əməliyyatının reallaşması mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Azərbaycanın istənilən an əks-hücuma keçə biləcəyini vurğuladı:
“Nəzəri baxımdan belə bir imkan var. Biz istənilən zaman, istənilən gün və anda əks-hücuma keçə bilərik. Azərbaycanın buna siyasi-hüquqi, eləcə də ideoloji və s. baxımdan haqqı var. Beynəlxalq qanunlar da buna imkan verir. Ancaq Azərbaycan hələ ki, bu məsələdə təmkinli davranır. Problemin həlli dünyanın mühüm siyasi institutlarının diqqətindədir. Doğrudur, ermnilər bu danışıqlar prosesinə mane olur, müxtəlif bəhanələrlə konkret nəticənin əldə olunmasına imkan verməməyə çalışırlar.
Baxın, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın özü etiraf edir ki, Ermənistan bütün parametrlər üzrə köçür. Ümummilli lider Heydər Əliyev də zamanın Azərbaycanın xeyrinə işlədiyini vurğulamışdı. Zamanla bizim üstünlüyümüz artır və Ermənistanla ölkəmiz arasındakı fərq böyüyür. Məhz bu fərq Ermənistanı hədələyir.
Biz istənilən zaman hücuma keçə bilərik. Lakin görünən odur ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu məsələdə tələskənliyə yol vermək istəmir. Azərbaycan istəmir ki, sonra onu süni şəkildə tələskənlikdə ittiham etsinlər. Fəqət qeyd etdiyim kimi, biz hər an hücuma keçə bilərik və bu hücumun anını ölkənin siyasi-hərbi yetkililəri müəyyənləşdirəcək. Bu hücumun Ermənistanın ağır məğlubiyyəti ilə yekunlaşacağı şübhəsizdir”.
Seymur ƏLİYEV