Son vaxtlar şimal qonşumuzda Putinin daha iki kəs prezident seçkilərinə qatılması, Rusiyanın inkişafına bundan sonra da “öz töhfəsini verməsi” ilə bağlı ciddi müzakirələr aparılmaqdadır. Konstitusiyaya edilən bir sıra dəyişikliklərin heç də təsadüfi olmadığı, bu dəyişikliklərin Putinin yeni seçkilərə yolunu açdığı iddia olunur.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, bu günlərdə mətbuata açıqlama verən Rusiya prezidentinə yaxın siyasətçilər cəmiyyətdə heç də birmənalı qarşılanmayacaq fikirlər səsləndirməkdədir. Putinin “prezidentlik yolunun başlanğıcında olduğunu” bildirən iqtidaryönlü siyasətçilər, bunun Rusiyanın maraqları baxımından da ən düzgün seçim olduğunu bildirib.
Məlum müzakirələr fonunda diqqət çəkən məqamlardan biri isə Rusiya televizyalarında Putinin “əvəzedilməzliyi” ilə bağlı müzakirələrin təşkilidir. Məsələn, Rusiya mediasının tanınmış nümayəndələrindən Dmitri Kiselyov Putinin Rusiya üçün əvəzedilməz olduğunu qeyd edir və bildirir ki, “əgər o olmasa, Rusiya da olmaz”.
Rusiya televiziyalarının əksəriyyəti əhalini inandırmağa çalışır ki, Putinin bundan sonra da Rusiyanın prezidenti olaraq qalması, öz “yaradıcılıq xəttini davam etdirməsi” zəruridir və bu, hər şeydən öncə Rusiyanın milli marqları baxımından mühüm önəm kəsb edir.
Mütəxəssislər isə hesab edir ki, Rusiya televiziyalarının ictimai hipnoz xarakterli bu açıqlamaları Putinin “əbədi hakimiyyət” niyyətinin təzahürü hesab edilə bilər. Ekspertlərin fikrincə, Rusiyanın yalnız və yalnız Putinin ümidinə qalması fikrinin kütləvi şəkildə təlqin edilməsi hazırkı prezidentin sonsuz hakimiyyətinə psixoloji zəmin yaratmağa hesablanan addımdır. Lakin Putinin “əbədi hakimiyyət” istəyinə Rusiya cəmiyyətinin konkret münasibətinin nədən ibarət olduğunu, təbii ki, zaman göstərəcək.
Seymur ƏLİYEV