“Bütün dünyanı təhdid edən koronavirus təhlükəsinin ölkəmizə də yol açmasından sonra respublikanın bir çox apteklərində maska, spirt kimi tibbi vasitələrin yoxa çıxdığı, yaxud qiymətinin kəskin şəkildə bahalaşdığı hər kəsə məlumdur. Hansı ki, xalqın və dövlətin indiki ağır günündə strateji məhsul hesab edilə biləcək məhsulları vətəndaşdan gizlətmək, yaxud onların qiymətini süni şəkildə artırmaq, dövlətə və xalqa xəyanətdən başqa bir şey deyil və həmin şəxslər elə bu maddə ilə də məsuliyyətə cəlb edilməlidir”.
Bunu Moderator.az-a açıqlamasında jurnalist-tarixçi Seymur Əliyev bildirib. Jurnalistin sözlərinə görə, kütləvi narahatlıq və gərginliyin hökm sürdüyü hazırkı ağır dönəmdə bəzi işbazların vətəndaşlıq borcunu yerinə yetirməməsi, əksinə, daha çox pul qazanmağa cəhd etməsi sözün bütün mənalarında xəyanət kimi dəyərləndirilməlidir:
“Bu gün spirt və maska, eləcə də bir sıra dezinfeksiyaedici maddələrin strateji məhsul statusu qazandığı, bilavasitə həyat qurtaran vasityəyə çevrildiyi məlumdur. Dövlətimizin, ölkə başçısının indiki ağır vəziyyətdə vətəndaşların təhlükəsizliyi üçün hər cür fədakarlığa imza atdığı də məlum həqiqətlər sırasındadır. Belə olduğu təqdirdə hansısa işbazın, aptek, yaxud firma müdirinin vətəndaşdan spirt və ya maska gizlətməsi, o cümlədən, bu məhsullara olan tələbatın kəskin şəkildə artmasından istifadə edərək onların qiymətini artırması anti-dövlət, anti-xalq mövqeyindən başqa bir şey deyil. Bu gün bütün xalqın koronavirus bəlasına qarşı mücadilə verdiyi, spirt və maskadan özünmüdafiə vasitəsi qismində istifadə etdiyi bir zamanda, həmin məhsulları xalqdan gizlətmək, düşmənlə döyüşən əsgərdən silah-sursatı əsirgəməyə, onu gülləsiz qoymağa bərabərdir. Bunun isə vətənə xəyanətdən başqa bir şey olmadığı isbatlamağa ehtiyac yoxdur.
Ayrıca, unutmaq olmaz ki, təhlükənin miqyası və öldürücü gücü bizdən sərt və təsirli addımlar atmağı tələb edir. Əgər əhalini koronavirus qarşısında müdafiəsiz qoyan, onları ölümə tərk edən şəxslərə qarşı təsirli tədbirlər görülməzsə, bu, xəstəliyin yayılacağı, maska, spirt kimi məhsullara ehtiyacın daha da artacağı təqdirdə, daha qorxulu mənzərənin meydana çıxmasına səbəb ola bilər. Odur ki, indidən xəyanətkar işbazların, vətəndaşın həyatı bahasına gəlir əldə etməyə çalışan aptek və firma sahiblərinin sərt şəkildə cəzalandırılması zəruridir. Bu, ədalətin öz yerini tutması ilə yanaşı, digər şəxslərin də bundan ibrət götürməsi, nəticə çıxarması baxımından faydalı olar”.