DTX-nın bir-birinin ardınca icra hakimiyyəti və digər qurumlarda keçirdiyi əməliyyatlar cəmiyyətdə məmnunluqla qarşılanmaqdadır.
Bəs tənqidi medianın
indiki məqamdakı aktivliyi ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizəyə kömək
edən, güc orqanlarına bu məsələdə əlavə ipucları verə bilərmi?
Moderator.az-a açıqlama
verən media eksperti Zeynal Məmmədli Azərbaycanda tənqidi media ilə bağlı vəziyyətin
qeyri-qənaətbəxş olduğunu vurğuladı:
“Bu günün müstəvisindəın
yanaşsaq, belə bir mənzərə üzə çıxır ki, sanki dövlət qurumları korrupsiyaya
qarşı mübarizədə mediadan bir addım öndədirlər. Bu, paradoksal bir durumdur. Halbuki,
media bu məsələdə dövlət qurumlarından bir - iki addım öndə olmalıdır. Media
həmişə irəlidə olmalıdır.
Bildiyiniz kimi, DTX Mədəniyyət
Nzirliyində əməliyyat keçirdi. Hələ ortada məhkəmə tərəfindən təsdiqlənən fakt
olmadığı üçün qəti nə isə demək mümkün deyil. Lakin baxın, bu günə qədər bir
film necə çəkilir, onun büdcəsi necə formalaşır, neçəyə başa gəlir və s. ilə
bağlı hər hansı bir jurnalist araşdırması mövcuddurmu? Yoxdur. Kanalizasiya, su
çəkilişi ilə bağlı vəziyyət necədir, əhalidən bununla bağlı vəsait yığılırmı,
ayrılan pullar necə sərf olunur, nəticə etibari ilə özünü doğruldurmu, bununla
bağlı jurnalist araşdırmaları varmı? Yoxdur.
Azərbaycan mediasının ən
zəif yeri jurnalist araşdırmalarıdır. Jurnalistikada bu, jurnalistikanın şah əsəri
sayılır. Biri var xəbər, biri var xəbərdən törəmə proqramlar, biri də var
jurnalist araşdırmaları. Ömrünü bu işə sərf eləmişlər, 30 ilin jurnalistləri
bütün bu durumu bilirlər.
Bütün dünyada heç bir hökumət
istəməz ki, özünü gözdən salan şeylər üzə çıxarılsın. Burada söhbət siyasi yox,
sosial-məişət məsələlərindən gedir. Baxmayaraq ki, nəticə etibari ilə nələrləsə
bağlana bilər.
Qəbələdən Bakıya su çəkildi.
Nəticə necə oldu? Aramsız su gəlirmi? Bakının suya olan tələbatı təmin
olundumu? Xərclənən pullar özünü doğrultdumu? Doğrulmadısa, o zaman niyə bu
layihəyə bunca vəsait sərf olundu? Niyə birdən-birə səhralaşma prosesi getməyə
başladı? Bütün bunlar yoxdursa, o zaman tənqidi mediadan danışmaq olmaz. Tənqidilik
baxımından bizim media Azərbaycan xalqına çox borcludur”.
Seymur ƏLİYEV