Mayın 18-dən etibarən xüsusi karantin rejimində ciddi yumşalmalar həyata keçiriləcək.
Maraqlıdır, bəs bugünə qədərki dönəmdə media öz üzərinə düşən işin öhdəsindən lazımınca gələ bildimi?
Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli medianın bu yöndəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı:
“Media bu dövrdə çox güclü şəkildə işlədi. Bunu inkar etmək olmaz. Əvvəl qəzetlərin çapı təxirə salındı. Bu zaman yaşlı nəsil qəzet nostaljisi keçirdi. Lakin bir müddətdən sonra qəzetlərin də çapına icazə verildi. O zaman mən də bir oxucu kimi özümü çox rahat hiss etsim. Gedib qəzet ala bilməsəm də, onu mənə gətirirdilər.
Saytlar, elektron informasiya vasitələri çox gözəl işlədi. Onlar olmasaydı bilmirəm ki, nə edərdik. Televiziyalarda saytlar qədər sərbəstlik yoxdur deyə, biz daha çox saytlara, sosial şəbəkələrə üz tuturduq. Bu baxımdan elektron mediadan çox razıyam.
Televiziylar koronavirusu lazım olduğundan daha çox təbliğ etdi. Haranı açırdıqsa koronavirusla bağlı xəbərlər görürdük. Bu, insanları həyəcanlandırırdı. Pandemiyanı “infodemiyaya” çevirdilər. Adamları bunca təşvişə salan informasiyalar səsləndirmək, insanların ölüm səhnələrini, xəstəxanalarda çarəsizcə çırpınmaqlarını göstərmək olmaz. Jurnalistikada belə bir qayda var ki, elə səhnələri göstərmək vacibdirsə, o zaman aşağıda titrdə qeyd olunmalıdır ki, uşaqları, xəstələri, qocaları ekrandan uzaq tutun. Bu problem hələ də davam edir. Ona görə də mən bəzi kanallardan narazıyam.
Amma mediamız, saytlarımız, sosial şəbəkəmiz çox böyük əmək və peşəkarlıq ortaya qoydu. Odur ki, mediadan olduqca razıyam”.
Seymur ƏLİYEV