Düşmən 21 may tarixində Şuşada separatçı rejim rəhbərinə andiçmə mərasimi keçirməyi planlaşdırır.
Bəs Azərbaycan düşmənin bu təxribatını beynəlxalq müstəvidə ifşa etməlidirmi? İşğaldakı Azərbaycan torpaqlarında belə bir qurama andiçmə mərasiminin keçirilməsi sülh danışıqlarına vurulan növbəti zərbə kimi xarakterizə edilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Əvvəla qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ ərazisində keçirilən ,, prezident seçkilərini,, heç bir dövlət və yaxud beynəlxalq təşkilat tanımamışdır. Əksinə, bu seçkilərin beynəlxalq hüquqa zidd olduğu barədə çox saylı bəyanatlar verilmişdir. Ona görə separatçıların, may ayının 21-də planlaşdırdığı mərasimə hüquq çərçivəsində cavab verilməlidir. İlk növbədə ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatlatların mərasimin beynəlxalq hüquqa və danışıqlar prosesinə əngəllik yaratdığı haqqında onların bəyanatla çıxış etmələrinə nail olmaq lazımdır. Əgər onlar bu bəyanatları verməkdən imtina etsələr, kəskin şəkildə gələcəkdə mənasız danışıqlardan imtina olunmalı, Minsk qrupunun, uzun illər ərzində vəzifəsinin öhdəsindən gəlmədikləri üçün və bu sahədə perspektivin olmadığını nəzərə alaraq, münaqişənin həllini BMT müstəvisinə çıxarmaq lazımdır.
İndi bu məsələ ilə bağlı çoxsaylı fikirlər səsləndirilir. Bəziləri silahlı müdaxilə ilə mərasimin pozulmasını tələb edirlər. Ancaq belə yanlışlığa yol vermək olmaz. Dünya birliyi indiki halda güc tətbiqini qəbul, məqbul saymaz və bu, Azərbaycanın əleyhinə olar. Soyuqqanlı olmaq lazımdır. Hər şey ölçülüb biçilməli, problemin birdəfəlik həll olunması üçün münasib geosiyasi vəziyyəti yetişdirmək lazımdır. Əgər məsələnin BMT -yə çıxarılması təmin olunsa, bu, daha faydlı olar. Aydındır ki, əksər dünya ölkələri ölkəmizin haqq işini tanıyır və dəstəkləyir”.
Seymur ƏLİYEV