Parlamentin bu gün keçirilən iclasında qanunların icrasına nəzarət edən ayrıca bir qurumun yaradılması ilə bağlı təklif səslənib. Təklif müəllifi hesab edir ki, belə bir qurumun yaradılması qanunların daha yaxşı işləməsinə səbəb ola, onların icrası ilə bağlı problemləri ortadan qaldıra bilər.
Moderator.az-a açıqlamasında məlum təklifi şərh edən hüquqşünas Əliməmməd Nuriyev, belə bir qurumun yaradılmasına ciddi ehtiyac olduğunu qeyd etdi:
“Istənilən qanun qəbul edilərkən müəyyən araşdırmalar aparılmalıdır. Bu araşdırma qəbul ediləcək qanunun təsirini öyrənmək baxımından zəruridir. Araşdırmaq lazımdır ki, bu qanun nə dərəcədə vacibdir? Bu qanun bütün boşlquların aradan qaldırılmasını təmin edə biləcəkmi?
Qanunun təsirini öyrənmək olduqca vacib olan məsələlərdəndir. Qanun qəbul ediləndən bir müddət sonra araşdırmaq lazımdır ki, qanun tətbiq ediləndən sonra necə, nə qədər problem meydana çıxdı, hansı məslələri ortaya çıxardı və s.
Qanunun təsirinin öyrənilməsi olduqca vacib olan bir məsələdir. Dünyanın istənilən ölkəsində qəbul ediləcək qanunların həm qəbul olunma ərəfəsində, həm də qanun qəbul ediləndən sonra təsirləri öyrənilir. Bu qanun nə dərəcədə səmərəli oldu, hansı xərclərə başa gəldi, gəlirlər xərcləri ödəyə bildimi – bütün bu məsələlər öyrənilir.
Təəssüflər olsun ki, Azərbaycan parlamentinin tarixində bu məsələlər ətrafında müzakirələr açılmayıb. Əgər parlamentarilər bu yöndə təkliflər səsləndirirlərsə, bu, çox yaxşı bir məsələdir.
Qanunların təsirinin öyrənilməsi parlamentdə gələcəkdə qəbul ediləcək qanunlarla bağlı işi daha effektiv qurmağa kömək edər. Bu, çox vacib göstəricidir. Lakin təəssüflər olsun ki, bizdə bu yöndə addımlar atılmayıb. Bunu bəzən onunla izah edirlər ki, qanunların icrası ilə bağlı vəziyyətin öyrənilməsi icra hakimiyyətinin işinə müdaxilə olar. Əslində, bu, belə deyil. Bu, qəbul edilən qanunların effektivliyini yoxlamaq üsullarından biridir. Belə bir addımın atılması qanunların keyfiyyətini də artıra bilər.
Bir sözlə, parlamentdə belə bir qurumun yaradılması faydalı olar. Bizim qanunlarımızda keyfiyyət və tabeçiliklə bağlı problemlər var. Konstitusiya qanununa görə, qanunda əlavə və dəyişikliklər qanun tətbiq ediləndən 6 ay sonra baş verə bilə. Bizdə isə bəzən qanunlarda çox tez-tez dəyişikliklər olur. Bu, qanunların keyfiyyətinin yüksək olmadığının gösstəricisidir.
Belə bir qurum yardılarsa, onun müstəqil və şəffaf fəaliyyəti təmin edilməlidir. Yalnız belə olarsa, o zaman bu qurumun fəaliyyətində uğur və fayda gözləmək olar”.
Seymur ƏLİYEV