Mediada yer alan məlumatlara görə, Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması”na əsasən Türkiyə Azərbaycana 200 milyon TL məbləğində kredit xətti açıb. Hansı ki, Azərbaycan bu imkandan istifadə edərək Türkiyədən müasir hərbi texnika, eləcə də müasir dronlar ala bilər.
Moderator.az-a
açıqlamasında məlum məsələyə toxunan sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri Fərəc Quliyev, Azərbaycanın gələcəkdə tamamilə Türkiyə və NATO
istehsalı olan silahlarla təchizatını zəruri hesab etdiyini vurğulayıb:
“Hesab edirəm ki, bu, çox önəmli
bir məsələdir. Azərbaycan ən güclü dövlətlərdən ən güclü silahları hətta ucuz
qiymətə alsaydı belə, yenə də alternativ silah alışı düşünülməlidir. Hər hansı
bir dövlətin silah arsenalı bir ölkədən asılı olmalı deyil.
Ikincisi, təbii ki, Azərbaycan
öz silah arsenalını ən müxtəlif dövlətlərin qabaqcıl silahları hesabına zənginləşdirə
bilər. Lakin Türkiyə Azərbaycan üçün ən güvənli dövlətdir. Türkiyə qardaş ölkədir.
Türkiyədən hər hansı silah və texnika almağın Azərbaycan üçün riski yoxdur. Dünya
təcrübəsi göstərir ki, bəzi ölkələr satdıqları təyyarə və raket sistemlərinin fəaliyyət
sistemini istədikləri məqamda iflic edə, onları istifadəsiz hala gətirə bilirlər.
Ehtiyat hissələrinin alınmasıbna problem yarada, bu silahın istifadəsi ilə
bağlı əlavə şərtlər irəli sürə bilirlər. Bu baxımdan Türkiyədən silah almağın
önəmi çox böyükdür. Türkiyə müasir dronlardan tutmuş, tank istehsalına qədər
çox böyük uğurlara nail olub və Azərbaycan da bu uğurlardan faydalanmalıdır.
Üçüncüsü, mən 1998-ci ildə
yazdığım kitabda Azərbaycan və Türkiyə mərkəzində olmaqla türk cümhuriyyətləri
birliyinin ortaq modelini təklif etmişdim. Bildirmişəm ki, Avropa İttifaqı
xristian ənənəsi və yunan fəlsəfəsinə söykənən bir ev yaradıbsa, o zaman niyə
türk dövlətləri türk evini yaratmasın?
Azərbaycanıla Türkiyə həm ortaq
silah istehsalı, həm də ortaq ordunun formalaşması ilə bağlı qərarlar verməlidir.
Doğrudur, rəmzi olaraq Turan ordusu yaradılıb. Lakin bu, bizim arzuladığımız səviyyədə
formalaşdırlan ordu deyil. Necə ki, Rusiya və Ermənistan birgə ordu yaradıb,
biz də belə bir ordunun yaradılmasına nail olmalıyıq.
Gələcək perspektivdə Azərbaycanın
tamamilə Türkiyə və NATO silahları ilə təchizatının tərəfdarıyam. Bunu kimsə qəribə
qəbul etməsin. Bu gün bizə silah verən Rusiya bu silahların eynisini, yaxud
ondan daha güclüsünü və yaxud bu silahalrı zərərsizləşdirə bilən sistemləri Ermənistana
verməyə qadirdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyənin
yaratdığı bu imkandan yararlanmalı, bu təklifi qiymətləndirməlidir”.
Seymur ƏLİYEV