Son vaxtlar Ermənistan daxilində gərginliyin artması, qarşıdurmaların genişlənməsi müşahidə edilir. Bəs Azərbaycan işğalçı dövlətdəki bu vəziyyətdən istifadə edərək Qarabağ probleminin həlli istiqamətində hansısa addımlar ata bilərmi?
Moderator.az-a açıqlama verən poltoloq Qabil Hüseynli, öncə Ermənistanda daxili gərginliyi doğuran səbəblərə diqət çəkdi:
“Ermənistanda gərginlik artmaqda davam edir. Bu, Ermənistanın ictimai-siyasi həyatının bütün sahələrində böhranla müşahidə olunur. Paşinyanın reytinqi aşağı düşüb. Qarbabağ klanına məxsus müxalifət də xeyli fəallaşıb. Hətta payıza doğru Ermənistanda vəziyyətin daha da gərginləşəcəyi və Paşinyanın istefaya getmək məcburiyyəti qarşısında qalacağı proqnozlaşdırılır.
Pandemiya məsələsində Ermənistan tam aciz vəziyyətdə qalıb. Nə tibb bazası, nə də ixtisaslı həkimlər yoxdur. Buna görə də pandemiyaya yoluxanların çoxu ölür. Bu isə Ermənistan cəmiyyətində qəzəb reaksiyası doğurur. Ermənistanda iqtisadi vəziyyətin ağırlğı da bu qəzəbi artırır.
Ermənistanda baş verən proseslər Azərbaycan tərəfindən diqqətlə təhlil olunur və izlənilir. Ermənistan vaxtiylə Azərbaycandakı hakimiyyət boşluğundan, daxili gərginlikdə istifadə edərək öz qəyyumlarının köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etmişdi. Azərbaycan isə kimsənin torpağını işğal etmək niyyətində deyil. Sadəcə, namərdcəsinə işğal edilən torpaqları azad etmək niyyətindədir və ölkəmizin bunun üçün bütün gərəkli imkanları var. Beynəlxalq vəziyyət də tədricən Azərbaycanın xeyrinə dəyişməkdədir. Avropa Parlamentinin son bəyanatı da bunu sübut edir.
Azərbaycan problemin sadəcə diplomatik yolla deyil, həm də hərbi yolla həlli üçün böyük imkanlara malikdir. Dünyada həm problemin anatomiyası daha yaxşı dərk olunmağa başlanılıb, həm də işğalçı ölkəyə verdikləri dəstək tədricən ortadan qalxır. Azərbaycan bundan yararlana, işğaldakı torpaqlarını azad etmək üçün istifadə edə bilər”.
Seymur ƏLİYEV