Xəbər verdiyimiz kimi, ABŞ Almaniyadakı hərbçilərinin sayını azaltmağa qərar verib. Qərara görə, Almaniyadakı 34,5 min ABŞ hərbçisinin 9 min nəfərinin bu ölkədən çıxarılması nəzərdə tutulub. Bu isə 25 min ABŞ hərbçisinin Almaniyadakı mövcudluğunu davam etdirəcəyi deməkdir.
Moderator.az xəbər verir
ki, Almaniyadakı Amerika hərbçilərinin sayının azalması Avropanın bir sıra ölkələrində
indidən ciddi narahatlıqlara səbəb olmaqdadır. Məsələn, baş verənlərə münasibət
bildirən Estoniyanın müdafiə naziri açıq aşkar bundan narahat olduğunu bildirib
və rəqiblərin baş verənləri “yanlış siqnal” kimi dəyərləndirə biləcəyindən
ehtiyat etdiyini vurğulayıb. Estoniyanın müdafiə naziri bildirib ki, NATO üçün
ABŞ qoşunlarının Almaniyadakı varlığı çox önəmlidir.
Estoniya ilə yanaşı,
Avropanın bəzi ölkələri də Amerika əsgərlərinin Almaniyanı tərk etməsindən təəssüflərini
ifadə etməkdədirlər. Bir çox Qərb siyasiləri iddia edir ki, bu addım Rusiyanın
Avropa dövlətlərinə hərbi müstəvidə təzyiqinin artmasına səbəb ola, Kremli
zorakı siyasətə həvəsləndirə bilər.
Bir sözlə, görünən odur
ki, Almaniyada hər cür texniki təchizata sahib 25 min nəfərlik Amerika əsgərinin
mövcudluğu belə, Qərbi Rusiyanın xəyali hücum təhlükəsi qarşısında təsəlli edə
bilmir. Bu isə Rusiya xofunun Avropa
xalqlarının şüur və düşüncəsinə kifayət qədər dərindən sirayət etdiyini göstərir.
Seymur ƏLİYEV