Son günlər Qərbin və xüsusilə də Rusiyanın bəzi media orqanlarında Türkiyənin guya Ermənistan və Yunanıstanla bağlı işğal planlarına malik olması ilə bağlı absurd fikirlər yer almaqdadır.
Maraqlıdır, Türkiyə
haqqında əcnəbi mediada yer alan bu informasiyalar nədən xəbər verir?
Mümkündürmü ki, Qərb və Rusiyadakı bəzi dairələr bu cür əsassız fikirlərlə
dünyada Türkiyənin aqressiv, zorakı dövlət obrazını formalaşdırmağa çalışır?
Moderator.az-a açıqlama
verən politoloq Natiq Miri bu cür informasiyaların məqsədli şəkildə dövriyyəyə
buraxıldığına diqqət çəkdi:
“Bu cür məqalələrin
yayılmasında məqsəd şübhəsiz ki, Türkiyəni hədəf halına gətirmək, xristian
dünyasını bu məsələdə səfərbər etməkdir. Maraqlıdır, Türkiyəni guya hansısa
dövlətləri işğal etmək niyyətində ittiham edən dövlətlərin özləri faktiki böyük
işğallar həyata keçirib. Rusiyanın Krımı işğal faktı buna nümunədir. Rusiya Donbas
və digər ərazilərə nəzarəti də öz əlində saxlayır. İsrail Fələstinə qarşı işğal
siyasətinə davam edir və bəzi ərazilərin ilhaq edilməsi təhlükəsi var. Hansı
ki, ABŞ bu addımları dsətəkləyir. Yəni ortada bu cür nümunələr varkən Türkiyəni
işğal niyyətində ittiham etmək absurddur. Bu kimi cəfəng iddialarla dünyada
Türkiyənin zorakı obrazını formalaşdırmaq mümkün deyil.
Türkiyəni hədəfə gətirmək
onun güclənməsi ilə əlaqədar bir şeydir. Türkiyə Aralıq dənizinin qərb və şərq
hissəsində ciddi aktivlik sərgiləyir. Bu ərazilərdə enerji resurslarının
istismarına maraq göstərir. Bu isə bütün xristian dünyasını, eləcə də
Yunanıstanı narahat edir.
Türkiyə Liviyada da öz
gücünü artırmaqdadır və oradakı qanuni hökuməti müdafiə edir. Türkiyə Liviyada
Rusiyanı ciddi şəkildə məğlubiyyətə uğradıb. Odur ki, indi Rusiya bu kimi
addımlarla Türkliyəni təzyiq altında saxlamağa çalışır. Bütün bu informasiyalar
Türkiyənin regionda güclənməsi ilə əlaqədardır. Bu isə təbii ki, Rusiya, Ermənistan,
Yunanıstan, İsrail, ABŞ, Fransa kimi ölkələri narahat edir. Ancaq qeyd etdiyim
kimi, bu kimi informasiyalarla beynəlxalq rəyi yanıltmaq, Türkiyəni hansısa təzyiqlərlə
üz-üzə qoymaq mümkün deyil”.
Seymur ƏLİYEV