Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formasında təşkil edilən görüşündən sonra, Minsk qrupu həmsədrləri Qarabağ problemi ilə bağlı növbəti bəyanat səsləndiriblər. Işğalçıya siyasi təzyiq göstərməyən həmsdərlər, bu dəfə də Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını bildirib, xalqları sülhə hazırlamağın vacibliyini vurğulayıblar.
Maraqlıdır, “Qarabağ probleminin hərbi yolla həlli yoxdur” ifadəsi Minsk qrupunun regionda yeni bir müharibə görmək istəməməsindən irəli gəlir, yoxsa bu ifadə müharibə başlayan tərəfə təzyiq göstəriləcəyi ilə bağlı gizli bir təhdid ehtiva edir?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə işğalçıya təzyiq göstərməyin vacibliyini vurğulayıb:
“Minsk qrupu yaxşı başa düşür ki, tərəflər daha çox hərbi yöndə hazırlıq aparırlar, nəinki sülh danışıqlarına ümid bəsləyirlər. Minsk qrupu bununla öz narahatlığını göstərmək istəyir.
Real vəziyyət ondan xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan torpaqlaırnı işğal altında saxlamaq niyyətindədir və bu torpaqları geri qaytarmağa çalışmır. Azərbaycan toraqlarında nəinki hərbi infrastruktur obyektləri, eyni zamanda mülki obyektlər də tikilir. Ermənistandan müxtəlif yollarla işğaldakı torpaqlarda məskunlaşdırmağa çalışır. Torpaqlarımızdakı toponimlər dəyişdirilir. Təbii sərvətlər mənimsənilir. Bu siyasət davamlı xarakter daşıyır. Bütün bunalr uzunmüddətli planlardır və bir neçə ili əhatə edir. Məskunlaşdırma proqramının isə konkret bir vaxtı nəzərdə tutmur.
Odur ki, bütün bunlar Azərbaycanın müharibə hazırlığı yönündə səylərini davam etdirmək məcburiyyəti qarşısında qoyur.
Görünən odur ki, müharibəsiz düşməni bu torpaqlardan çıxarmaq mümkün olmayacaq. İşğalçı işğal etdiyi torpaqlardan çıxmalıdır. İşğalçı ölkəyə münasibətdə vahid bir mövqe ortaya qoyulmalıdır. Ermənistana qarşı münasibət dəyişilməsə, işğalçıya təzyqi göstərilməsə, o zaman Azərbaycan məcburiyyət qarşısında qalıb problemi güc yolu ilə həll edəcək”.
Seymur ƏLİYEV