Son dövrlərdə erməni təbliğat maşını Azərbaycanda milli münasibətlərin gərgin olması və azsaylı xalqlara qarşı guya dözülməz şəraitin yaradılması barədə cəfəng məlumatlar yayır. Bu, həm də son günlər cəbhə xəttində baş verən təxribatlar fonunda baş verir.
Mövzu ilə bağlı Moderator.az-ın suallarını “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev cavablandırb.
-Fəxrəddin müəllim, Ermənistan hər dəfə cəbhənin təmas xəttində təxribatlar törədəndə Azərbaycanla bağlı etnik məsələri də qabartmağa cəhd edir...
-Bu, ilk dəfə deyil, işğalçı Ermənistan dövlət sərhədimizdə dəfələrlə təxribatlar törədib və silahlı qarşıdurmanı gərginləşdirməyə cəhd edib. Yəqin onun da arxalandığı qüvvələr var, ancaq bəlkə də yoxdu, özünü elə təqdim etmək istəyir ki, guya onun arxasında hansısa güclər dayanır.
XXI əsrin dörddə biri başa çatır, hələ də Ermənistan bizim torpaqlarımızı işğal altında saxlayır və bütün özünü demokratik dövlətlər hesab edən ölkələr bu məsələyə hələ də laqeyd və ikili standartla yanaşırlar. Əksinə, öz aləmlərində guya bizə demokratiya və insan hüquqlarından “dərs deməyə” çalışırlar.
Mən azsaylı xalqın təmsilçisi kimi bunu tam məsuliyyətimlə deyirəm, Azərbaycanda olan tolerantlıq və qeyri millətlərə münasibət uzun yüzilliklər demokratik yol keçmiş ölkələrdən qat-qat üstündür. Tolerantlıq Azərbaycan xalqının adi həyat tərzinə çevrilib, bu sahədə ölkəmizdə heç vaxt problem olmayıb və bu gün də yoxdur.
Ermənilər özünün təcavüzkar niyyətlərini gizlətmək məqsədilə Azərbaycanla bağlı milli məsələləri qabartmağa çalışırlar. Burada bəzən kürdlərdən, talışlardan və digərlərindən istifadə etməyə çalışırlar. Lakin ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandan zor yolu ilə azərbaycanlıların deportasiyası baş verəndə kürdlər də ermənilərin bu vəhşiliyindən “paylarını” aldılar. Bu gün Ermənistanda bir nəfər də müsəlman kürd yoxdur. Ancaq Azərbaycan qəbul etdiyi qaçqınlar arasında heç bir fərq qoymadı, kürdlər də dövlətin bütün imtiyazlarından və qayğısından bərabər şəkildə bəhrələndilər.
Bir sözlə, tam məsuliyyətimlə deyirəm, Azərbaycanda asaylı xalqlarla həm dövlət tərəfindən yaradılan şərait, həm də əhalinin qarşılıqlı davranışları dünyanın heç bir yerində yoxdu, nə Avropda, nə də Amerikada belə mühit mövcud deyil. Hamımız bunu görürük.
-Son günlər Ermənistan Azərbaycanın dövlət sərhədində təxribatlarını artırıb. Bu barədə düşüncələriniz nədir?
-Son günlər cəbhə xəttində baş verənlərələ bağlı danışmadan öncə, mən burada bir neçə kəlmə Laçının işğalı ilə bağlı məsələyə toxunmaq istəyirəm. Mən Rayon İcraiyyə Komitəsinin üzvü olmuşam və Laçının işğalı gözlərimin önündə baş verib. Laçın da, Şuşa da xəyanətin qurbanı olub, bunu heç kim inkar edə bilməz. Xocalı gözümüzün önündə müsibət yaşadı, oraya kömək olunmadı. Hətta o dövrdə belə söhbətlər yayılırdı ki, Laçın əhalisi də xocalıların müsibətini yaşamalı idi, lakin onların bu planları bir sıra laçınlının hesabına baş tutmadı.
Demək istəyirəm ki, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri düşmənə təhvil verən insanların bugünkü hadisələrdən istifadə edib vətənpərvərlikdən, torpaqların azad olunmasından danışmağa haqları və üzləri olmamalıdı. Onlar gərək utanalar, heç insanların içinə çıxmayarlar. Bütün laçınlılar və şuşalılar bilirlər ki, bu rayonlar Rəhim Qazıyevin səriştəsizliyi və xəyanəti nəticəsində işğal olundu. Onun oyunlarından hamının xəbəri var. İndi deyir ki, 70 yaşlı kişini narahat eləməyin. 70 yaşın var, get otur yerində də. Sən o zaman müdaifə naziri olanda nə iş gördün ki, indi 70 yaşında nə iş görəsən? Demək sənin məqsədin başqadır.
Rəhim Qazıyevlə bağlı bir faktı da burada xatırlatmaq istəyirəm. O dövrdə Laçının Ermənistanla sərhəd kəndlərində özünümüdafiə dəstələri yaradılırdı və onlar silahlandırılırdı. Yəqin ki, o zaman orada yaşayanlar mənim dediklərimi təsdiq edərlər ki, yuxarı kəndlərə, xüsusən bir neçə kürd kəndlərinə silah verilmədi və bunun da səbəbkarı Rəhim Qazıyev idi. İndi Rəhim Qazıyev və onun kimilər yenidən ortalğa düşüb saxta vətənpərvərlikdən danışmasınlar, abırlarına qısılıb bir kənara çəkilsinlər.
-Yəqin siz də qəbul edərsiniz ki, torpaqlarımızın azad edilməsi məsələsində cəmiyyətimizdə demək olar ki, bir yekdillik mövcuddur. Aprel döyüşlərində və digər analoji hadisələr zamanı bu möhtəşəm birlik açıq müşahidə olunur. İndi də bu belədir. Kürd xalqının təmsilçisi kimi, bu barədə fikirləriniz ...
-Bu bir reallıqdır ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir. Mən bunu həm kürd xalqının nümayəndəsi, həm də bir Azərbaycan vətəndaşı kimi tam məsuliyyətimlə deyirəm. Bu gün torpaqlarımızın hərbi yolla işğaldan olunması baş verərsə, Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşəcək, siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq.
Burada bir haşiyəni xatırladım. II Dünya müharibəsi başlayanda rus xalqı o zamankı SSRİ rəhbəri Stalini sevmirdi və ona rəğbət bəsləmirdi. Ancaq müharibə başlayanda xalq bir yumruq kimi birləşib ölkəsini müdafiə etdi və faşizm üzərində qələbə qazandı.
Azərbaycan xalqı bir tam olaraq, milli mənsubiyyətindən asılı olmayaraq, hər zaman dövlətinin və Prezidentinin arxasındadır. Ola bilər ki, kiminsə hansısa sosial məsələlərdə narazılıqları olsun, ancaq söhbət Vətəndən gedəndə bütün bunlar yaddan çıxır və arxa plana keçirş
Azərbaycanda yaşayan kürdlər hər zaman Azərbaycan dövlətçiliyinə yüksək sədaqəti və etibarlılığı ilə seçilib. Azərbaycan kürdlərinin Birinci Qarabağ savaşında da, Aprel döyüşlərində də qəhrəman şəhidləri var, Milli Qəhrəman adını qazanmışları var.
Bu, tarixən də belə olub. 1918-20-ci illərdə də Sultan bəyin ermənilərə qarşı savaşında o bölgədə yaşayan kürdlər də kütləvi şəkildə iştirak ediblər. Yəni biz heç vaxt vətənimizdəki digər insanlardan fərqli olmamaşıq və ümumiyyətlə belə bir şey heç vaxt hiss edilməyib. Bu, ermənilərin hər zamankı riyakar və saxta təbliğatından başqa bir şey deyil...
-Sizin Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırdığınz iddianın təmin edilməsi bütün dünyada böyük əks-səda yaratdı...
-Bilirsiniz ki, şəxsən mənim və bir qrup məcburi köçkünün Ermənistanla hüquqi müstəvidə şəxsi mübarizəmiz də var. İctimaiyyətə məlum olan “Çıraqov və digərləri Ermənistana qarşı” işi Avropa İnsan Hüquqları Məhkməsəində qazanılıb. Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, bu işin təşəbbüskarı və təşkilatşılarından biri mən olmuşam. Bu hadisə Ermənistanın təcavüzünü beynəlxalq hüquq müstəvisində sübuta yetirən mühüm faktdır. Bu hadisə Ermənistanın təcavüzkar simasının ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qərarı əslində hüquqi müstəvidə ermənilərin və Ermənistanın işğalının təsdiqi deməkdir.
Taleh