İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində başlayan döyüşlər düşmənlə informasiya müstəvisindəki qarşıdurmanın daha da kəskinləşməsinə səbəb olub.
Sevidiricidir ki, bu mübarizədə Azərbaycanın peşəkar siyasətçiləri, media nümayəndələri ilə yanaşı, tələbələr də yaxından iştirak etməkdədir. Hansı ki, bu günlərdə mediada yer alan məlumatlardan bəlli olub ki, Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi bu məsələdə xüsusi aktivlik sərgiləyib, Ermənistanın baş naziri Nikol Paşinyanın yalanlarını elə onun özünün Tvitter səhifəsində ifşa edib.
İnformasiya müharibəsində tələbə gənclərin aktivliyi mili maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin yayılması, düşmən yalanlarının ifşası baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli gənclərin bu aktivliyini alqışladığını vurğuladı:
“Bizim millət dünyanın ən potensiallı, təfəkkürlü millətlərindən sayılır. Baxın, bizim gənclər dünyanın nüfuzlu universitetlərində necə parlaq nailiyyətlər əldə edirlər. Bu gənclik bizim fədakar nəsillərimizin davamçılarıdrlar. Sadəcə olaraq, onları qiymətləndirmək lazımıdr. Onların erməniləri, xüsusilə Ermənistan Baş nazirini bu günə qoymalarından qürur duydum. Onlar sübut etdilər ki, Ermənistan informasiya məkanını darmadağın etməyə qadirdirlər. Onlara bunu kim tapşırıb? Təbii ki, özləri bunu etdilər. Amma onlar vahid mərkəzdə birləşməlidirlər. Onlara şərait yaradılmaldır. Bizdə olan bəzi neqativ amillər buna mane olur. Bu cür faktları ölkə başçısı İlham Əliyev də dəfələrlə xatırladıbdır. Bildirib ki, ağıllı, təfəkkürlü insanlara yer vermək lazımdır. Amma bizdə vəzifədə olanların əksəriyyəti yerində deyildir. SSRİ dövrünün təfəkkürü ilə yaşayırlar. İndi texnologiya əsridir. Biz texnologiyanı dərindən bilən, milli gəncliyə üstünlük verməliyik. Amma çox hallada yarınan, özünün şəxsi maraqlarını düşünən gənclərə üstünlük verirlər. Nəticədə də biz informasiya məsələsində ermənilərə uduzuruq. Amma Azərbaycan Texniki Universitetinin (AzTU) öyrənciləri sübut etdilər ki, bizim savadlı gəncliyimizin qabağında erməni informasiya sistemi dayana bilməz. Gənclərimiz yaratdıqları sistem vasitəsilə erməni yalanlarını özlərinə və dünyaya görün necə sübut etdilər. Nikol Paşinyanı pis günə qoydular. Hesab edirik ki, yüksək səlahiyyət sahibləri buna diqqət etməlidir. Bu gənclərə xüsusi şərait yaradılmalıdır. Baxın, bizim Vilkipediya nə gündədir? Başdan-ayağa səhvlərlə doludur. Osmanlı imperiyası haqqında Vilkepediyada bir yazıya rsat gəldim. Yazı ruscadır. Bunu ya ermənilər, ya da ki, ruslar yazıblar. Yazırlar ki, türklər erməniləri, yunanları, Balkan xalqlarını soyqırım ediblər. Bu yazını da bizimkilər oxuyur və elmi işlərində istifadə edirlər. Tarixçi olmayan öyrəncilər əlbəttə orada göstərilərn faktlara inana bilərlər. Baxın, bizdə Vilkepidiyaya nəzarət edən qurumlar var, onlara hara baxır? Heç olmasa, aldığınız pula hörmət edin. Vaxtaşırı girin Vilkepediyaya və həmin cümlələri dəyişin. Əgər bunu mən edə bilirəmsə, demək gənclərimiz daha yaxşı edə bilirlər. Yaxud, Qafqazla bağlı rus dilində, ingilis dilində gedən yazılara baxın… Ermənilər və gürcülər buranın yerli əhalisi kimi verilir, bizi isə gəlmə kimi təqdim edirlər. Görün erməni və gürcü dilində olan Vilkepediyada nələr vardır. Bizdə Vilkepediyaya məsul olan qurumlarda da çalışanlara yalnız “yarınmaq” siyasəti ilə yanaşırlar. Onların fəaliyyətləri də göz qabağındadır. Buna son qoymaq lazımdır.
AzTU-nun savadlı gəncləri nümunəsində gəncliyi önə çəkmək lazımdır. Böyük bir ordu yetişdirmək mümkündür. İnanın ki, bir aya erməni yalanlarını məhv edə bilərik. Mənim tanıdığım xaricdə yaşayan çoxlu sayda savadlı gənclər vardır. Məsələn, bir gəncimiz Fransada böyük bir informasiya şəbəkəsi yaradıbdır. Bu insan beş dildə təmiz danışır. Ətrafına savadlı gənclərimizi yığıbdır. Erməni yalanlarını darmadağın edirlər. Hərdən də tarix məsələlərində mənimlə də məsləhətləşirlər. AMEA-da xaricdə bakalavr, magistr bitirmiş gənclər vardır ki, həm müasir texnologiyanı, həm də xarici dilləri gözəl bilirlər. Amma onlara sahiblik eləyən yoxdur. Onların potensialından istifadə etmək lazımdır. Axı onlar da yaşlaşıırlar. Onlara kimlər rəhbərlik edir? Qoca-qoca adamlar! Təsəvvür edin ki, belə bir savadlı gəncin önünə çıxmasına yaşlı bir qoca alim mane olur. Çünki təfəkürü də qocalıbdır. Məsələn, belə bir gəncimiz illərdir ki, elmlər doktoru mövzusu götürə bilmir. Ona şöbə müdiri olan elmlər doktoru mövzu götürməyə imkan vermir. Ad çəkmək istəmirəm. Bu cür hallar bizdə çoxdur. Bu cür halların qarşısını almaq lazımdır.
İndi elə bir dövrə daxil olmuşuq ki, əslində vəzifələrdə də yüksək texnologiyanı bilən və müxtəlif dillərdə sərbəst danışan və həm də milli, vətənpərvər gənclərə üstünlük vermək lazımdır. Tutuquşu kimi dil bilən, millilikdən, vətənpərvərlikddən uzaq olanlar bizə lazım deyildir. Artıq mən yaşda olanlar milli, vətənpərvər, savadlı gənclərə yalnız məsləhətlər verə bilər. İnsan altmış yaşdan sonra artıq geriyə doğri gedir…Baxın, qardaş Türkiyədə elm adamları altmış beş yaşda dövlət universitetlərindən ayrılırlar. Yerlərini gəncliyə verirlər. Buna görə də bu gün qardaş Türkiyənin hərbi sənayesi dünyanı mat qoyur. Amma bizdə həm məmurlarımız, həm də elm adamlarımız kresloda dünyalarını dəyişirlər. Bizdə də elə gənclər vardır ki, strateji sahələrimizdə dünyanın mat qoyan kəşflərə imza ata bilərlər. Sadəcə, bu cür gəncliyə şərait yaratmağa iradə və istək olmalıdır!!!”
Seymur ƏLİYEV