Son bir neçə aydır ki, işğalçı Ermənistanın təxribatları sürətlə artmaqdadır. Dünən Beynəlxalq Sülh Günündə belə hərbçimizin erməni təxribatı nəticəsində şəhid olması, işğalçının heç bir ümumbəşəri dəyər və prinsipə əhəmiyyət vermədiyini, öz məkirli niyyətini gerçəkləşdirmək üçün hər cür çirkin addıma hazır olduğunu göstərdi.
Moderator.az-a açıqlama verən millət vəkili Musa Urud Ermənistanın artan təxribatlarının onun özü üçün faciəvi nəticələrə səbəb olacağını vurğuladı:
“Beynəlxalq hüquq, ümumbəşəri dəyərlər sivil, normal, demokratik dövlətlər üçündür. Ermənistan isə terrorçu bir dövlətdir və onun beynəlxalq hüquq, bəşəri dəyərlərlə heç bir əlaqəsi yoxdur. Buna görə də işğalçı dövlət hər fürsətdə yeni təxribatlar törətməyə çalışır. Lakin rəsmi İrəvan bilməlidir ki, onun təxribatları sadəcə Paşinyan rejiminin deyil, Ermənistanın bir dövlət kimi mövcudluğunun sonu ola bilər.
Ölkə başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında sözügedən təşkilata üzv dövlətlərin diqqətini Ermənistanın təxribatçılıq cəhdlərinə cəlb etdi, işğalçı ölkənin yeni müharibəyə hazırlaşdığını bildirdi. Ermənistan işğalçılıq siyasətini davam etdirmək, təxribatlar yolu ilə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Lakin hazırkı status-kvonun saxlanılması nə dövlətimizin, nə də xalqımızın maraqlarına uyğun deyil. Ermənistanın təxribatları göstərir ki, rəsmi İrəvan problemin sülh yolu ilə həllində maraqlı deyil. Belə olan halda Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkandan istifadə edərək öz torpaqlarını hərbi yolla azad edə bilər ki, yəqin ki, yaxın gələcəkdə problemin köklü həlli reallaşacaq. Tovuz hadisələri də göstərdi ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və bu ordu 30 illik həsrətə son qoyaraq işğaldakı torpaqlarımızı qısa zamand azad etmək qüdrətinə malikdir. Azərbaycan xalqı ordusunun və ali baş komandanının yanındadır. Bu gün Azərbaycandakı 10 milyon soydaşımızın hər biri özünü bir əsgər kimi hissi edir və işğaldakı torpaqları azad etmək üçün mübarizəyə hazırdır. Yəqin ki, qısa zamanda Azərbaycan Ermənistanı “ağıllandırmaq” üçün gərəkli olan bütün addımları atacaq”.
Seymur ƏLİYEV