Son günlər Yunanıstandan Ermənistana dəstək məqsədi ilə bəzi muzdluların gəldiyi, habelə öllkəmizə yönəlik haker hücumlarında ermənilərlə yanaşı, yunanların da iştirak etdiyi ilə bağlı məlumatlar yayılmaqdadır. Xatırladaq ki, hələ 27 sentyabr tarixindən öncə, Yunanıstanın ölkəmizdəki səfirini qəbul edən prezident İlham Əliyev Yunanıstanla Ermənistan arasındakı hərbi əməkdaşlıqdan narahatlığını dilə gətirib, işğalçı dövlətlə əməkdaşlığın arzuedilən olmadığını vurğulayıb.
Maraqlıdır, cəbhədə aktiv hərbi əməliyyatların getdiyi bir zamanda Yunanıstanla bağlı mediada yer alan məlumatların təftiş edilməsinə, gərəkirsə, bununla bağlı rəsmi Afinaya dövlət səviyyəsində hər hansı etiraz bildirilməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov baş verənlərin yunan xalqının iradəsini əks etdirmədiyini vurğuladı:
“Ermənistan təcavüzkar, terror siyasətini yürüdən bir məmləkətdir. Çalışır ki, öz ətrafına onunla həmfikir, ənənlərini bölüşən qüvvələri yığsın.
Yunanıstan antik sivilizasiya, demokratiya mərkəzi kimi qəbul edilən bir məmləkətdir. Onun dünyanın inkişafına verdiyi töhfələr olduqca böyükdür. Təəssüf ki, bu ölkə, habelə, yunan Kipri hardasa Ermənistanın anlaşılmaz siyasətinə səs verir, onu dəstəkləməyə cəhd edirlər. Mən deməzdim ki, baş verənlər yunan xalqının yanaşmasıdır. Yunanıstanda erməni icması kifayət qədər güclüdür. Onlar maddi baxımdan da imkanlıdır. Çox güman ki, onlar öz vəsaitləri hesabına, spekulyativ gedişləri ilə çalışırlar ki, tərəfdarlar dairəsini böyütsünlər.
Əlbəttə ki, dövlətimizin bu proseslərə qatılmaqla bağlı imkanları var. Bu yaxınlarda prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə fəaliyyətə başlayan yeni səfirini qəbul edən zaman ona bir çox vacib mesajları çatdırdı. Ona bildirdi ki, ümumi qaydaları pozmaq olmaz. Terrorçu dövlətə dəstək vermək olmaz. Dağıdıcılıq siyasətini dəstəkləmək təhlükəlidir. Çünki bu, hər zaman bumeranq effekti verir.
Ölkə başçısı münasibətlərdəki durğunluqdan da bəhs etdi. Ticarət dövriyyəsi aşağı düşüb. Öyünə bilmərik ki, ikitərəfli münasibətlərdə, Azərbaycan və yunan xalqının münasibətlərində böyük qazanclar əldə olunub. Amma buna can atmaq lazımdır.
Ermənistan beynəlxalq münasibətlər sistemini zəhərləyir. Çalışır ki, Azərbaycanla bağlı bütün dövlətlərin rəyini dəyişsin. Yunanıstanda rəhbər vəzifələrdə çalışan bəzi insanların ermənilərlə qohumluq əlaqələri var və onların təsiri altına düşüblər. Lakin bu, yunan xalqının niyyətinə uyğun deyil. Azərbaycan dövlətinin də kifayət qədər imkanı var ki, bu proseslərə həm müdaxilə etsin, həm də öz haqlı mövqeyini ortaya qoysun. Habelə, yunan xalqına anlatsın ki, Azərbaycanla hansı dövlət, hansı xalq əgər dostluq, əməkdaşlıq münasibətlərinə qədəm qoyubsa, o ancaq qazanıb. Gəlin görək Ermənistanla əməkdaşlıqdan kim qazanclı çıxıb? Heç kim! Ona görə hesab edirəm ki, yunan xalqı gec-tez bu həqiqəti də dərk edəcək və düzgün yola qayıdacaq”.
Seymur ƏLİYEV