Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində türk ordusu haqqında maraqlı fikirlər səsləndirib, Azərbaycanda Türkiyə ordusunun kiçik modelinin qurulduğunu bildirib:
“Biz çox xoşbəxt ölkəyik
ki, Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi
mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə
olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu
NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər
kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq
və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz.
Bizim və Türkiyənin işi haqq işidir".
Azərbaycanda Türkiyə ordu
modelinin qurulması ordumuzun bu günü və gələcəyinə nə vəd edir? Ümumiyyətlə, Türkiyə
faktoru Azərbaycandakı ordu quruculuğu prosesinə necə təsir edib?
Moderator.az-a açıqlama
verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman
Nüsrətoğlu Türkiyə amilinin Azərbaycanın ordu quruculuğu prosesində mühüm
rol oynadığını vurğuladı:
“Prezident İlham Əliyev
bu günlərdə olduqca önəmli, tarixi əhəmmiyəti olan açıqlamalar edir. Bu bəyanat da
onlardan biridir. Prezident tam milli bir konsepsiya ilə bütün istiqamətlərdə
Türkiyə ilə inteqrasiyanı dərinləşdirmə, qardaşlığı ortaq gücə çevirmə siyasəti
aparır. Türk dünyasının böyük oğlu cənab Ərdoğanla prezidentimizin cəsarətli
siyasəti nəticəsində regionda geopolitik
balans dəyişməyə, işğal olunmuş torpaqlarımızla bağlı ədalətsiz durum ortadan
qalxmağa başlayır.
Məhz prezident, Ali Baş
Komandan İlham Əliyevin həm də hərbi sahədə verdiyi düzgün qərarların sayəsində
torpaqlarımız ordumuz tərəfindən işğaldan azad olunur. Azərbaycan
ordusu da bir Türk ordusudur. Türk milləti əsgər millətdir. Bizim əcdadlarımız
tarixi titrədən , dünyanı idarə edən ordular qurublar. Geyimdən, döyüş
taktikalarından fit çalan, vahimə yaradan oxlara qədər türklər
dünya hərb tarixinə çox şey verib. Azərbaycan Ordusunun belə qüdrətli hala gəlməsində
şübhəsiz Türkiyənin hərbi akademiyalarından məzun olan hərbçilərimizin, Türk
zabitlərinin rolu böyükdür. Türkiyənin hərb məktəbi nəhəng bir məktəbdir. Və
biz də o məktəb əsasında Qafqazın ən böyük ordusunu qurmuşuq. Hansı ki, bu ordu düşmənə diz çökdürməkdə,
işğaldakı torpaqlarımızı azad etməkdədir”.
Seymur ƏLİYEV