Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin ölkəmizə dsətəyini yüksək qiymətləndirib, qardaş ölkənin bundan sonrakı sülh proseslərində də iştirakının zəruri olduğunu vurğulayıb.
Moderator.az-a
açıqlamasında Türkiyənin regiondakı aktivliyini və ölkəmizə verdiyi dəstəyi şərh
edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov, bu dəstəyin mühüm əhəmiyyət kəsb
etdiyini vurğuladı:
“Türkiyənin regiondakı
rolu olduqca böyükdür. Türkiyə amili ilə nəinki regional, hətta dünyanın iri
dövlətləri də, beynəlxalq təşkilatları da hesablaşır. NATO baş katibi ilə
Türkiyə prezidentinin görüşü də bunu təsdiq etdi.
Bütün meydanlarda Türkiyənin
dövlət başçısı Azərbaycan həqiqətlərini dünyaya çatdırır və bəyan edir ki,
Türkiyə Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Bu, ölkəmiz
üçün böyük dəstəkdir. Azərbaycan Türkiyənin bu dəstəyini yüksək qiymətləndirir.
Bildiyiniz kimi, bəzi
dövlətlər, siyasi qurumlar bəyan edir ki, guya ermənilərə qarşı Türkiyənin
qoşunları vuruşur, yaxud Türkiyə hardansa bura muzdlular gətirib və s. Təbii
ki, bunların hamısı cəfəngiyyat və boş ifadələrdir. Bunlar təbliğat xarakteri
daşıyan uydurmalardır. Əgər Türkiyə özü hərbi əməliyyatlarda iştirak etsəydi,
Ermənistan çoxdan məhv olmuşdu. Düşmənə qarşı Azərbaycan ordusu vuruşur və ona
ciddi zərbələr endirir. Türkiyə isə mənəvi-siyasi baxımdan Azərbaycana dəstək
verir. Biz bu dəstəyi hər addımda hiss edir və qiymətləndiririk. Dövlət
başçımız da son müsahibələrində bunu yüksək qiymətləndirdi.
Aydın məsələdir ki,
Rusiyanın da regionda maraqları var. Dövlət
başçısı “TRT Haber”ə müsahibəsində bidlirdi ki, Rusiya baş verənlərə kifayət qədər
məsuliyyətli yanaşır. Rusiya başa düşür ki, Türkiyənin də burada maraqları var
və bu maraqlarla hesablaşmağa məcburdur. Türkiyə və Rusiya bundan öncə Suriya məsələsində
birgə razılıq əldə etmişdi və indi orada vəziyyətə birgə nəzarət edirlər. Hesab
edirəm ki, lazım olan anda tərəflər bu məsələdə də danışa və razılığa gələ bilərlər.
Türkiyə Azərbaycana
qardaş dövlətdir və bunu Rusiya da yaxşı başa düşür. Günümüzün reallığı bundan
ibarətdir və bu reallıqla dostlar da, düşmənlər də hesablaşmağa məcburdur”.
Seymur ƏLİYEV