Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Ermənistan ordususun tərəfində hazırda Qarabağda döyüşən PKK terrorçularının radiodanışıqlarını yayıb. Məlum danışıqda diqqət çəkən ən başlıca məqam Ermənistan ordusunda PKK terrorçularının mövcudluğu faktı ilə yanaşı, həm də düşmən ordusunda vəziyyətin həqiqətən də acınacaqlı olması, işğalçı ordunun çoxsaylı itkilər verməsidir.
PKK terrorçularının bu danışığı Azərbaycan ordusunda guya türk hərbçilərinin də yer aldığı ilə bağlı Ermənistanın yalanını da ifşa edib. Danışıq əsnasında terrorçular özləri Azərbaycan ordusu sırasında türklərin yer almadığını təsdiq edir, Ermənistan tərəfindən bütün mövzu və mətləblər üzrə aldadıqlarını etiraf edirlər.
DTX tərəfindən ictimaiyyiləşdirilən məlum fakt Azərbaycanın Qarabağda Ermənistan ordusu ilə yanaşı, həm də qlobal terrorizmə qarşı mübarizə apardığının təsdiqi sayıla bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Torpaqlaırmızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı mübarizəni ilk gündən Vətən Müharibəsi adlandırmışam. Çünki bu müharibə vətənimizin işğaldan azad edilməsi məqsədi ilə aparılır. Bu gün Ermənistanda dünyanın fərqli yerlərindən çoxlu terrorçular gəlməkdədir. ASALA-nın Ermənistanda mövcudluğu, PKK-nın müxtəlif qollarının hərbi əməliyyatlarda iştirakı faktı ortadadır. Bununla bağlı çoxsaylı sübutlar mövcuddur. ASALA və PKK arasında anlaşmanın mövcud olduğu da kimsəyə sirr deyil. DTX-nın ortaya qoyduğu faktlar da bir daha sübut etdi ki, Ermənistan terrorçu qüvvə və təşkilatlarla sıx əməkdaşlıq edir Bu isə o deməkdir ki, bu gün Azərbaycan Ermənistanla yanaşı, həm də müxtəlif terror təşkilatları, onların nümayəndələri ilə mübarizə aparır. Odur ki, indiki məqamda terrordan əziyyət çəkən, terrorizmin təhlükəsini dərk edən digər dövlətlər də bu müabrizədə yer almalı, Azərbaycanın terrorizmə qarşı apardığı mübarizə öz töhfəsini verməlidir.
Ermənistan tərəfindən müxtəlif terror qruplarının Azərbaycanla mübarizəyə cəlb edildiyini isbatlayan çoxsaylı faktlar, işğalçı ölkənin terrorçu mahiyyətinə aydınlıq gətirməklə yanaşı, rəsmi İrəvanın Azərbaycanla bağlı yalanlarınıda ifşa edir. Bu faktlar onu göstərir ki, Azərbaycan tərəfindən guya Suriyadan gətirilən hansısa muzdluların döyüşdüyü ilə bağlı ermənilərin aparıdğı təbliğat beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib və deyilənlərin həqiqətlə yaxından-uzaqdan hər hansı əlaqəsi yoxdur.
Azərbaycan ordusu düşməni darmadağın edib işğaldakı əraziləri azad etmək gücündədir və bu məsələdə ordumuzun kimsənin dəstəyinə ehtiyacı yoxdur”.
Seymur ƏLİYEV