Sentyabrın
27-dən Ermənistanın təxribatı ilə başlayan döyüşləri oktyabrın 10-da Moskvada əldə
edilən humanitar atəşkəs razılaşması da dayandıra bilmir. Ermənistan hər dəfə olduğu
kimi, bu dəfə də imzasının mürəkkəbi qurumamış verdiyi sözə naxələf çıxdı. Həm
də təkcə cəbhə xəttində deyil, Azərbaycanın mülki əhalisinə qarşı daha ağır
müharibə cinayətləri törətməklə.
Erməni
silahlı qüvvələri cəbhədəki uğursuzluqlarının əvəzini Azərbaycanın döyüş xəttindən
onlarla kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla
çıxmağı çalışır. Lakin burada hədəf təkcə Azərbaycan əhalis arasında təşviş
yaratmaq, ölkəmizin mülki obyektlərinə zərər vermək deyil, həm də çirkin siyasi
niyyətdir.
Azərbaycanın
Gəncə, Mingəçevir kimi böyük şəhərlərinin Ermənistanın öz ərazisindən raket zərbəsinə
məruz qoymasının arxa planında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və
Tacikistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)
münaqişəyə cəlb edilməsi olduğunu hər kəs bilir. Əlbəttə, Rusiyanın Ermənistanı
silahlandırmaqla dolayısı ilə müharibənin iştirakçısı olduğu göz önündədir. Ermənistanın
bu təxribatlarla Azərbaycanı KTMT ilə üz-üzə qoymaq cəhdləri aşkardır, amma Azərbaycan
bu təxribatın qarşısını almaq üçün hansı addımları atmalıdır?
Görünən
odur ki, Ermənistandan Azərbaycanın yaşayış yerlərinə atılan raketlərin cavabı
verilməyincə erməni həyasızlığının qarşını almaq mümkün olmayacaq. Əlbəttə, ölkəmiz
bu təxribata uymamaq üçün maksimum səbr və həssaslıq göstərir və Ermənistan ərazisinə
heç bir hərbi müdaxilə etmir. Belə olan halda diplomatik yollarla bu təxribatların
qarşısını almaq mümkündürmü? Axı müharibə cinayəti törətməklə işğalçı ölkə KTMT-yə
üzv olan dövlətləri də istəmədikləri bir müharibəyə sürükləyir. Bu ölkələr beynəlxalq
hüququ pozan Ermənistanı bu təxribatlardan çəkindirmək öhdəliyinə sahib deyillərmi?
Bunun üçün Azərbaycan KTMT-nin digər üzvlərinə diplomatik yollarla rəsmi olaraq
müraciət etməlidirmi?
Mövzu ilə bağlı Moderator.az-a danışan Atlas
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, KTMT
üzvü olan ölkələrə belə bir müraciət mütləq olmalıdır:
“Əlbəttə, müraciət
edilməlidir. Gəncə və Mingəçevir artıq mütamadi Ermənistanın bombardmanına məruz
qalır. Biz, başda Rusiya olmaqla KTMT-nin digər üzvlərinə xəbərdarlıq etməliyik
ki, Ermənistan bir də belə təxribatlara əl atsa həmin atəş nöqtələrini
susdurmaq məcburiyyətində qalacağıq. KTMT üzvü olmaq o demək deyil ki, sən istədiyin
ölkəni raketlə vurasan və digər üzvləri də təhrik edəsən ki, məni müdafiə etməlisiniz.
Belə olan halda o dövlətə qarşı tədbirlər görülməlidir”.
Politoloqun
fikrincə, Azərbaycan həm Rusiyaya, həm də digər üzvlərə rəsmən mürciətindən
sonra ona verilən cavaba uyğun addımlar atmalıdır:
“Rusiya belə
bir tədbir görmürsə, biz Qazaxıstan və Belarusla da əlaqə saxlayıb deməliyik
ki, onlar bununla bağlı münasibətlərini bildirsinlər. Əks halda biz Ermənistandakı
atəş nöqtələrini susdurmalıyıq. Çünki istisna deyil ki, bizim yaşayış məntəqələrimiz
yenidən oradan atəşə tutulmaycaq. Ona görə də biz belə bir müraciəti mütləq etməliyik.
Əgər reaksiya olmasa, biz lazımı cavabı verməliyik. İlk addım kimi bunu etmək
lazımdır”.
Qeyd edək
ki, Ermənistan istisna olmaqla, KTMT üzvü olan digər dövlətlər ayr-ayrılıqda Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyirlər və ölkəmizlə dostluq münasibətlərinə malikdirlər.
Buna rəğmən Ermənistanın KTMT-ni təxribata cəlb etmək kimi çirkin niyyətini diplomatik yollarla puça çıxarmaq zəruridir. Məhz bu adımlardan sonra Ermənistanın məlum təxribatlarının
qarşısını istənilən əks-həmlə ilə almaq mümkün olacaqdır.
Taleh