Daxili İşlər Nazirliyi son günlər ölkədə koronavirusa yoluxanların sayının artması ilə bağlı Ağstafa rayonunda reyd keçirib.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
RPŞ-nin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.