"Karantinin sərtləşdirilmə qərarı yeni verildi, tətbiqinə oktyabrın 19-dan başlanılacaq. Qərar verildikdə onun nəticəsini gözləyirik, müsbətə doğru gedir, yoxsa daha da sərtləşməyə ehtiyac var. Yoluxma yenidən artarsa sərtləşdirilir".
Moderator.az xəbər verir ki, bu sözləri Modern.az-a həkim-infeksionist Nəzrin Mustafayeva deyib:
"Xüsusi karantin rejimi noyabrın 2-nə qədər idi. Ayın 2-sini gözləmədən dövlət orqanları yoluxmanın artmasına görə karantini sərtləşdirdi. Ola bilsin ki, bu sərtləşmə ilə biz müəyyən nailiyyətlər əldə edək, müəyyən azalma görsək, bu formada da davam edəcəyik. Əgər qarşısı alınmaz vəziyyətə çevrilsə, o zaman bir az daha sərtləşmə qaçılmazdır".
N.Mustafayeva bildirib ki, xəstəliyə hansısa vaxt qoymaq düzgün deyil.
"Heç bir xəstəliyin bitmə müddəti yoxdur. Hətta düşünürəm ki, bu virusla yaşamağı öyrənməliyik. Heç vaxt bizim həyatımızdan çıxmayacaq. Bu virus var və daim insanlar yoluxacaq, sağalacaq, virusun sıfırlanmağı gözlənilmir".
Həkim son olaraq qeyd edib ki, əhalinin böyük hissəsi yoluxub sağaldıqdan sonra gündəlik 500-600 rəqəm görməyəcəyik.
“Artıq bu say daha stabil vəziyyətə gələcək, ondan sonra karantinə ehtiyac olmayacaq.
O vaxta qədər ümid edirik ki, vaksin və ya müalicəsi tapılar. Bütün əhali vaksin istifadə etdikdən sonra rahat davrana bilərik. Ondan sonra sıfırlanma haqqında düşünmək olar".