Məlum olduğu kimi, 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında düşmən yenə Gəncə şəhərini raket zərbəsinə məruz qoyub, bununla da çoxlu sayda insanın həlak olması və yaralanmasına səbəb olub.
Mülki insanlara qarşı həyata keçirilən bu soyqırım siyasəti fonunda beynəlxalq təşkilatların, aparıcı dövlətlərin susqunluq sərgiləməsi nə dərəcədə məntiqlidir? Erməni vəhşiliyinə şahid ola-ola susmaq, bu cinayətə ortaq olmaq, onun bir parçasına çevrilmək kimi xarakterizə edilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Gəncəyə edilən raket hücumunun bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət olduğunu bildirib:
“Ermənistan tərəfdən gecə vaxtı Gəncə şəhərinin ballistik raketlərlə xaincəsinə bombalanması ilk növbədə dövlət səviyyədə həyata keçirilmiş terror aktıdır. İkincisi, insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayətdir və bu cinayətin məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Düşmən cəbhədə uğradığı silsilə məğlubiyyətlərdən sonra başını itirib, ordusu əsgərlərimizin qarşısında duruş gətirə bilmir, muzdluları döyüşməkdən imtina edir, kütləvi şəkildə döyüş meydanından qaçırlar. Təsadüfi deyil ki, separatçıların ,,rəhbəri,, Dağlıq Qarabağın ərazisində bütün giriş-çıxış yollarının bağlanması ilə bağlı sərəncam vermişdir. Bununla bağlı bir faktı da qeyd edim ki, erməni ordusunda vuruşmaqdan imtina edərək döyüş mövqelərini tərk edən əsgərləri yerindəcə güllələyirlər.
Gəncə hadisələrinə beynəlxalq təşkilatların susqunluğu heç bir normal məntiqə sığmır. Əksinə, oktyabr ayının 11-də baş vermiş terror hadisəsindən sonra Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri Gəncəyə səfər edərək, faciənin miqyası ilə yerində tanış olsalar da, hər hansı kəskin reaksiyanın şahidi olmadıq. Əgər onlar vaxtında Ermənistanın cinayətlərinə göz yummasaydılar, 17 oktyabr Gəncə terroru təkrarlanmazdı. Onların erməni vəhşiliyini qınamaması, düşməni daha da ruhlandırır və cəzasızlıq şəraitində növbəti cinayətlərə sövq edir. Hüquqi baxımdan bu özü də cinayətdə iştirakçılıq deməkdir və cinayət tərkibi yaradır.
Hesab edirəm ki, heç kim özünü toxunulmaz hesab etməməlidir. Prokurorluq tərəfindən cinayət işi açılmış, sübutlar toplanır. Cinayətkarların cəzalarına çatacağı gün uzaqda deyil. Təcrübə göstərir ki, bu tipli ağır cinayətlər törətmiş terrorçuların tam əksəriyyəti ən ağır cəzalara məhkum olmuşlar. Yaxın keçmişdə Balkanlarda və Yaxın Şərqdə baş verən proseslər dediklərimin bariz nümunəsidir”.
Seymur ƏLİYEV