27 sentyabr – Vətən Müharibəsinin ilk günündən bu günə qədər ölkəmizdəki dövlət və özəl qurumların, müəssisə və təşkilatların, o cümlədən sadə vətəndaşların bir çoxu Silahlı Qüvvələrin Yardım Fonduna ianələr köçürməkdə, bununla da ordumuza maddi baxımdan dəstək verməkdə davam edir.
Dövlətimiz eyni zamanda ön xətdə döyüşənlərin ailələrini də yaddan çıxarmır, onları daim diqqət mərkəzində saxlayır. Bir həftə bundan öncə Mənəvi Dəyərlərin Təbliği Fondunun qismən səfərbərliyə cəlb edilmiş bir qrup aztəminatlı vətəndaşların ailələrinə ərzaq yardımı göstərməsi faktı da buna nümunədir.
Qarabağın azadlığı üçün ölüm-dirim mübarizəsi aparan, düşmən ordularını pərən-pərən salaraq işğaldan azad edilən torpaqlarda Azərbaycanın üçrəngli bayrağını qaldıran hərbçilərimizin ailələrinə bu cür diqqət və qayğının göstərilməsi, həm də hərbçi ailələrinə mənəvi dəstək nümunəsi kimi də dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, dövlətin hər zaman orduya, o cümlədən hərbçilərimizin ailəsinə yüksək qayğı göstərdiyini, sadə vətəndaşların da bu məsələdə böyük duyarlılıq sərgilədiyini vurğuladı:
“Azərbaycan cəmiyyəti heç vaxt olmadığı qədər bir şüar altında səfərbər olunub: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün”. Bu gün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu şüarla yaşayır.
Döyüşdə olanların ailələrinə lazımi köməkliklərin göstərilməsi vacib məsələlərdən biridir və bu, dövlətimizin daim diqqətdə saxladığı bir məsələdir. Sevindiricidir ki, insanlarımız da bu məsələyə olduqca həssas yanaşır, əllərindən gələn köməyi əsirgəmirlər. Istər Mənəvi Dəyərlərin Təbliği Fondunun, istərsə də digər qurumların hərbçi ailələrinə göstərdiyi dəstək sübut edir ki, xalqımız, cəmiyyətimiz, insanlarımız əsgərlərimizlə yanaşı, onların ailə üzvlərini də unutmur, onlara dəstək verməyi özlərinə mənəvi borc hesab edirlər.
Cəbhə bölgəsində düşmən atəşindən zərər çəkən evlər var ki, dövlətimiz bunların hamısını nəzərə alır və bundan sonra da alacaq. Azərbaycan xalqı, Azərbaycan insanı bütün bu məsələrdə çox ciddi həmrəylik sərgiləyir. Insanlarımız canları, malları ilə ordumuzun yanındadırlar və qələbə üçün hər cür fədakarlığa hazırdırlar. Belə bir gücün qarşısında düşmən dayana bilmir və dayana da bilməyəcək”.
Seymur ƏLİYEV