Biz yalnız qələbə xəbərlərinə susamış, qisasa ac insanlarıq. Qulağımız səsdə, gözümüz yolda, səbirsizliklə növbəti xoş müjdələri gözləməkdən savayı əlimizdən gələn bir də odur ki, dua lazımdısa, dualar edirik, kömək lazımdısa, corab, isti paltar, qazanlarda kotlet göndəririk, haray-hayqırtılarla mənən dayaq oluruq.
Bir film hazırlamışam - “Qafqazın bu üzündə”. Qəhrəmanım Rey Kərimoğlu danışır ki, “Müharibənin reallıqları çox dəhşətlidir. Müharibə səhnələri kinolarda gördüklərimiz deyil. Müharibənin 30 saniyəsini kinonun 100 kadrında göstərə, ifadə edə bilməzsən”. Nə vaxtsa, bu filmi geniş ictimaiyyətə təqdim edəcəm, artıq tarixi material kimi.
Müharibə elə bir şeydir ki, “bir saniyənin içində sən qəhrəman da ola bilərsən, xain də, bir faciənin səbəbkarı da”. Bunu da qəhrəmanım demişdi.
Qarabağ adlı Vətən müharibəmizdə yalnız qəhrəmanlarımızı gördük. Nə yaxşı ki, xainlər, faciə səbəbkarları olmadı. Fəqət biz heç gördükmü qəhrəmanlarımızın qələbələri necə aldıqlarını? Qarabağ qazisinin dediyi kimi, o qəhrəmanlıqların psixoloji, mənəvi, fiziki təsvirinin 30 saniyəsini 100 sözlə də ifadə edə bilmərik, sözlər nə qədər mükəmməl, təsvirlər nə qədər dəqiq olsa belə.
Bu müharibə ən müasir silahlarla aparılır. Siz elə bilirsiz ki, silahlarla hər şey bitir? Yox. Silahdan sonra xüsusi dəstələr irəliləyir, onlara “штурмовики” deyirlər. Bu müharibə həmin o “штурмовик”lərin çiynində daşınır, desəm yanılmaram. Silahlar istehkamları dağıdır, tam nəticəyə isə xüsusi dəstələr nail olur.
İbrahimov Elməddin Zeynəddin oğlu, həmin o “штурмовик” dediyimiz xüsusi dəstədə idi. PUAlardan sonra blindaja girib düşməni məhv etməli idilər. Əlbəyaxa döyüş, düşmənləri boğub öldürmək - tapşırığı yerinə yetirib blindajdan çıxarkən, başqa istekhamdan düşmən snayperinin bir gülləsi ilə də şəhid oldu.
Füzuli belə alınıb! Təkcə Füzuli yox, bu vaxta qədər alınmış strateji yüksəkliklərin hamısı!
Elməddinin 21 yaşı vardı, ailənin tək oğlu idi. Arada valideynlərini görməyə gəlmişdi, bir günlüyə. Anası bir az da qalmasını israr edəndə demişdi: “Çox sağ olun ki, mənə həyat vermisiz. Ancaq, incimə, atam da oradır, anam da. Getməliyəm”. Budur, qəhrəman oğullarımızın rəşadəti, fədakarlığı, torpaq sevgisi, torpağa bağlılığı.
Özündən sonra bir yadigarı qalmadı, fotolarından başqa.
Ermənistanın Gəncəni raket zərbəsinə məruz qoyması Füzuli qələbəsinin havasını bizə alayarımçıq daddırdı, lakin arxa plana keçirmədi. Prezidentimiz dedi ki, Füzulinin alınması dərsliklərə salınmalı, haqqında əsərlər yazılmalıdır. Elə-belə, söz xətrinə demədi. Ermənistan işğalda saxladığı torpaqlarımızda 30 ildə elə istehkamlar qurublar ki, onlar can, qan bahasına alınır. Can, qan bahasına alınan yaddaşlarda əbədi yaşamalıdır.
P.S. Əsgərlərimiz döyüşdə, bizsə arxada, yenə də dualarımızla birgə. Nur içində yat, Elməddin, məkanınız cənnət olsun, şəhidlərimiz! Ayaqda olan əsgərlərimizə ədalətinə inandığımız uca
Tanrı yar olsun!
Siz varsınız, Azərbaycan da var!
Arzu Qazıyeva