2020-ci ildə ordumuz kimi, mediamızın da düşmənə qarşı uğurlu mübarizə ortaya qoyduğu məlumdur. Bəs mediamız erməni yalan və təxribatlarına qarşı mübarizəsini 2021-ci ildə də davam etdirməlidirmi?
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, belə bir mübarizəyə ciddi ehtiyac duyulduğunu söylədi:
“Düşmənin yalan və təxribatlarına qarşı media müstəvisində mübarizə hələ uzun illər davam etdirilməlidir. Bu gün Qarabağda sözün həqiqi mənasıdna darmadağın olan Ermənistan, başqa bir platformada – media müstəvisində fəaliyyətə keçməkdədir. Düşmənin məqsədi bütün dünyada özünü “məzlum erməni” obrazında tanıtmaq, ictimai rəyi bu yöndə formalaşdırmaqdır. Onlar Qarabağda baş verənləri “məzlum erməni xalqı”na tutulan növbəti divan kimi təqdim etməyə çalışırlar. Biz Ermənistanda fəaliyyət göstərən rusdilli mətbuata, eləcə də Rusiya mediasına nəzər salsaq, bu dəsti-xətti aydın görərik. Onlar bununla ən azından Qarabağın statusunun əldə edilməsinə nail olmağa çalışırlar. Buna görə də öz yalanları ilə bağlı daha çox rəy formalaşdırmağa can atırlar. Dağlıq Qarabağa Laçın dəhlizi ilə müxtəlif jurnalistlərin gəlib-getməsinə dəstək verir, bu yöndə fəaliyyət orataya qoyurlar. Azərbaycan mediasının, jurnalistlərinin ermənilərin bu yalanlarını ifşa etməsi olduqca vacibdir.
Hesab etmirəm ki, 8 noyabr zəfəri ilə hər şey bitdi və daha erməni təxribatları, erməni yalanları ilə bağlı hər hansı fəaliyyət ortaya qoymağa ehtiyac yoxdur. Bildiyiniz kimi, düşmən hələ də müəyyən təxribatlara can atır. Düşmənin torpaqlarımızda basdırdığı minalardan bu gün də mülki vətəndaşlarımız və hərbçilərimi zərər görür.
Ermənilərin 30 ilə yaxın müddətdə işğalda saxladıqları torpaqlarımızda həyata keçirdiyi vandalizm aktlarının da dünya ictimaiyyətinin diqqətinə çatdırılması qarşıda duran əsas vəzifələrdən biridir. Dağıdılan yurd yerlərimiz, abidələrimiz bir-bir, səhifəbəsəhifə, adbaad jurnalistlərimiz tərəfindən yazıya alınmalı, işıqlandırılmalı, beynəlxalq platdorfalarda ortaya qoyulmalıdır. Ermənilər hazırda öz yalanları ilə bağlı filmlər çəkməklə məşğuldur. Onlar döyüş meydanında əldə edə bilmədiklərinə, media platformasında nail olmağa çalışırlar. Bu baxımdan, mediamız səfərbər olmalı və ermənilərin media platformasındakı təxribatlarını ifşa etməlidir”.
Seymur ƏLİYEV