Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirməkdədir.
Moderator.az-a açıqlamasında məlum layihənin önəminə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müvini, polkovnik Cəlil Xəlilov bu kimi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Təbii ki, post-müharibə dönəminə məxsus əsas məsələlərdən biri müharibədə fiziki xəsarət alan hərbçilərimiz və mülki insanlarımızla yanaşı, psixoloji baxımdan zərər çəkən vətəndaşlarımıza da qayğı göstərmək, onların sağlamlığı istiqamətində müntəzəm və effektli tədbirlər həyata keçirməkdir. Bu baxımdan RİİB və TƏBİB-in bölgələrdə müharibədən psixoloji zərər görən vətəndaşlarımıza – xüsusilə də uşaqlara və gənc analara psixoloji dəstək göstərməsi, onları müalicə prosesinə cəlb etməsi, olduqca zəruri və tədirəlayiq bir addımdır. Bu, sadəcə hərbçilərimizin deyil, müharibədən zərər çəkən mülki insanlarımızın da sağlamlığının, fiziki və psixoloji problemlərinin həllinin dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu, bu istiqamətdə ciddi layihələrin həyata keçirildiyini göstərir.
Bu baxımdan Ağdam, Ağcabədi və digər bölgələrimizdə RİİB və TƏBİB-in vətəndaşlarımıza tibbi yardım göstərməsi, onların müayinə və müalicəsi istiqamətində konkret addımlar atması alqışlanmalıdır. Unutmaq olmaz ki, bu gün psixoloji dəstək alan uşaqlarımız sabahın əsgərləri, ailə başçılarıdır. Onların normal inkişafı, vətənimizə, dövlətimizə, cəmiyyətimizə yararlı vətəndaşlar kimi yetişdirilməsi olduqca vacibdir.
Mən həyata keçirdiyi bu ali missiyaya görə RİİB və TƏBİB-ə öz dərin minnətdarlığımı bildirir, onlara bu zəruri fəaliyyətlərində uğurlar arzulayıram”.
Seymur ƏLİYEV