Yaxın gələcəkdə jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib. Agentlik sədri qeyd edib ki, bunun üçün həm ölkənin mövcud kadr və infrasturktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur. İkinci istiqamət kimi hazırda jurnalistikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunması planlaşdırılır.
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bu sahədə ciddi addımlar atmağın zəruriliyinə diqqət çəkdi:
“Cənab prezidentin fərmanında da vurğulanır ki, yaradılan yeni qurumun əsas vəzifələrindən biri Azərbaycan mediasını dünyadakı media inkişafına, qlobal trendlərə uyğunlaşdırmaqdan ibarətdir. Təbii ki, bu işin görülməsi üçün ilk növbədə beynəlxalq media trendlərini, qlobal çağırışları dəyərləndirə bilən mütəxəssislərin olması lazımdır. İlk öncə bu cür mütəxəssislər hazırlanmalıdır.
Əlbəttə, Azərbaycanda peşəkar jurnalistlər də, peşəkar mütəxəssislər də var. Beynəlxalq təşkilatlarla iş görən insanlar da mövcuddur. Biz də onların içərisindəyik. Söhbət məsələnin sistemləşdirilməsindən, prosesin koordinasiya edilməsindən gedir. Çalışmaq lazımdır ki, bu sahədə boşluqlar yaranmasın. Ardıcıl, sistemli şəkildə mütəxəssislərin yetişdirilməsi işi həyata keçirilsin.
Bizdə jurnalistika ixtisasını adətən universitetlər verir. 4 il təhsil alandan və magistraturanı bitirəndən sonra gənclər jurnalistika ilə məşğul olurlar. Amma mütləq şəkildə bizdə peşə artırma kursları olmalıdır. Çünki jurnalistika dinamik sahədir. Burada hər gün, hər ay, hər il dəyişikliklər olur, inkişaf gedir. Bu inkişafa uyğun olaraq jurnalistlərin də ixtisası artırılmalıdır. Lazımi mütəxəssislər olmalıdır ki, onlara təlimlər keçsin. Bunun üçün bir mexanimz olmalıdır.
Əslində biz bu məsələləri zamanında təklif etmişdik. Bildirmişdik ki, Azərbaycanda media akademiyası yaradılsın. Jurnalistlər işləyə-işləyə orada, həm də ixtisasartırma kursları keçsinlər. Amma təəssüf ki, bu layihəni biz gerçəkəşdirə bilmədik. Indi bir növ həmin ideya və səlahiyyətlər Medianın İnkişafı Agentliyinə verilir. Bu, çox müsbət bir addımdır. Azərbaycanda fədakar jurnalistlər var. Bu sahədə işi sistemləşdirmək, beynəlxalq trendləri dəyərləndirmək lazımdır. Mütləq lazımi beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirilməlidir. Bizim jurnalistlərimiz orada oxumalıdır. Orada oxuyan adamların təcrübəsi ölkəmizdə tətbiq edilməlidir. Bu sahədə ciddi addımların atılmasına ehtiyac var. Ölkə başçısı də fərmanında bu nüansları qeyd edib və bununla məşğul olmaq səlahiyyətlərini Medianın İnkişafı Agentliyinə verib. Inanıram ki, bu məsələ də yüksək səviyyədə öz həllini tapacaq”.
Seymur ƏLİYEV