Yanvarın 14-də Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş baş tutub. Görüş əsnasında bir məsələlərlə yanaşı, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin vaciobliyi müzakirə olunub.
Moderator.az-a açıqlamasında Pakistanla hərbi əməkdaşlığın önəminə diqqət çəkən hərbi eksper Şair Ramaldanov, Azərbaycanın Pakistanla dostluğa xüsusi önəm verdiyini qeyd edib:
“Pakistan bizim üçün Türkiyədən sonra Azərbaycana ən yaxın olan ölkədir. Pakistan hər zaman bizi həm siyasi, həm mənəvi baxımdan dəstəkləyib. Pakistan-Azərbaycan əlaqələri dinamik şəkildə inkişaf etməkdədir. Pakistan siyasi arenada böyük nüfuza sahib olan bir dövlətdir. Pakistanla əlaqələrin inkişaf etdirilməsi bizim üçün vacib amildir. Pakistan Vətən Müharibəsində də Türkiyə ilə yanaşı, Azərbaycana mənəvi-siyasi dəstək verən dövlətlərin yanında yer aldı. Ölkə başçısı Vətən Müharibəsi dönəmində də vurğulamışdı ki, biz bu müharibədən sonra biləcəyik ki, kimlər bizim dostumuzdur, kimlər dostumuz deyil. Pakistan Azərbaycanın həqiqi dostu olduğunu Vətən Müharibəsində ölkəmizə verdiyi siyasi-mənəvi dəstəklə bir daha sübut etdi.
Pakistanla hərbi əməkdaşlıq bütün sahə və kompleksləri əhatə edir. Həm hərbi sənaye, həm hərbi-texniki əməkdaşlıq, həm hərbi kadrların hazırlanması, həm tədris fəaliyyətinin inteqrasiyası, həm təcrübə mübadiləsi və s. sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycan hərbçiləri mütəmadi şəkildə Pakistana səfər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Pakistam təmsilçiləri də ölkəmizdəki tədbirlərdə iştirak edir. Pakistanın iki hərbçisi
Azərbaycanda Hərbi Akademiyanın nəzdində olan Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda təhsil alıb, buradan məzun olublar. Bu sahədə əməkdaşlığımız uğurla davam edir.
Vətən Müharibəsi dönəmində çox az dövlət Azərbaycana silah satmaqla bağlı əminliklərini ifadə edirdi. Onlardan biri də məhz Pakistan idi. Pakistanın Hərbi Hava Qüvvələri ilə Azərbaycanın Hərbi Hava Qüvvələri arasıdna çox yaxşı əlaqələr var. Ola bilsin ki, Azərbaycan gələcəkdə Pakistandan müəyyən təyyarələr alsın. Hansı ki, Pakistanda istehsal olunan təlim təyyarələri artıq ölkəmizdə istifadə olunur.
Bir sözlə, Pakistan-Azərbaycan hərbi əməkdaşlığının çox böyük perspektivi var və hesab edirəm ki, biz yaxın gələckdə bu əlaqələrin daha da inkişaflna şahid olacağıq”.
Seymur ƏLİYEV