İranda kürd siyasi fəal, solçu Komala Partiyasının tərəfdarı Şirko Maarifi noyabrın 4-də Saqqız şəhərinin zindanında dar ağacından asılıb.
“Media forum” saytının məlumatına görə, Şirko Maarifi 2008-ci ilin avqust ayında İran-İraq sərhədinə yaxın kəndlərdən birində tutulub. Saqqız məhkəməsi Şirko Maarifini müxalif kürd partiyalarına üzvlükdə, qanunsuz Komala Partiyası ilə əməkdaşlıqda günahlandıraraq edama məhkum edib. Ölüm hökmünə Kürdüstan əyalətinin apellyasiya məhkəməsində baxılıb, əvvəlki hökm qüvvədə saxlanıb.
2008-ci ildə İrana rəsmi səfərə gələn İraq prezidenti Calal Tələbani İran Məhkəmə Sisteminin rəisi ilə görüşərək Şirko Maarifiyə çıxarılan ölüm hökmünün ləğvini xahiş edib, ona məsələyə yenidən baxılacağı vədi verilib. “Amnesty İnternational” beynəlxalq təşkilatı da İran rəsmilərinə müraciət edərək kürd fəala çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını istəmişdi.