Sabir Rüstəmxanlı: “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bununla bağlı təşəbbüsünü dəstəkləyirəm”
Xəbər verdiyimiz kimi, Özbəkistanın dünyada tanınmış məşhur “Özbegim Yoshları” musiqi qrupu Azərbaycan Mədəniyyətinin paytaxtı tarixi Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcək. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə mərkəzin direktoru Samir Abbasovla “Özbegim Yoshları” musiqi qrupunun bədii rəhbəri, Özbəkistan Respublikasının Əməkdar Mədəniyyət işçisi Lütviyyə Ruzibayeva arasında razılıq əldə olunub.
Moderator.az-a açıqlamasında bu xəbərə münasibət bildirən millət vəkili, parlamentin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı, məlum təşəbbüsü dəstəklədiyini vurğuladı:
“Hesab edirəm ki, Şuşanın tarixinin və mədəniyyətinin təbliği baxımından bu kimi tədbirlərin çox böyük əhəmiyyəti var. Bu tədbirlər vasitəsi ilə Şuşaya səfər edən digər dövlətlərin nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı haqqında daha dolğun məlumat almaq, onu daha yaxından tanımaq imkanı əldə edəcəklər. Bu isə 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan Şuşanın tanıdılması, onun təbliğ edilməsi baxımından vacibdir. Odur ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu təşəbbüsünü dəstəkləyirəm.
Onu da unutmaq olmaz ki, Şuşa türk dünyasının da mədəniyyət mərkəzidir. Bu baxımdan Şuşada bu cür tədbirlərin keçirilməsi, mədəniyyət paytaxtımızdaÖzbəkistan təmsilçilərinin konsert proqramı ilə çıxış etməsi tamamilə normalıdır.
Bu il həm də “Nizami Gəncəvi İli”dir. Hansı ki, Özbəkistanda Nizami Gəncəviyə çox böyük hörmət və ehtiram var. Odur ki, Nizami Gəncəvi ilə bağlı da Azərbaycan və Özbəkistan arasında birgə tədbirlərin keçirilməsi mümkündür”.
Seymur ƏLİYEV