Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Moderator.az bir müddətdir ki, faciə şahidləri ilə silsilə yazıları təqdim edir.
Bu dəfəki müsahibimiz Xocalı sakini Ayna Novruzovadır. A.Novruzova Xocalı faciəsi gecəsi babasını və qohumlarını şəhid verib:
“Xocalıda 11-ci sinifdə oxuyurdum. 1991-ci il noyabrın 27-də məktəbimizə ermənilər raket atdılar. Xoşbəxtlikdən həmin sinifdə şagirdlər olmadığı üçün ölən olmadı. Daha sonra məktəbimiz dağıldığı üçün bizi Ağdama göndərdilər. Amma Ağdam da atışma gedirdi. Valideynlərim isə fevralın 25-dən 26-na keçən gecə ordan çıxıb. Babam Allahverdini həmin gecə ermənilər şəhid etdilər. Çingiz Mustafayevin çəkdiyi kadrlarda var.
Beş dayım var, onların hamısı Xocalıdan döyüşə-döyüşə çıxıblar və biri də ağır yaralandı. Atamgil salamat gəldilər, çünki atam meşə yolunu yaxşı tanıyırdı. Elə cammatın çoxunu yolu tanıyanlar meşə yoluyla Xocalıdan çıxara bildilər. Amma yolu tanımayanlar azıb erməni tərəfə gedib pusquya düşdülər. Bibim oğlu Hüseynağa Quliyev də erməni əsirliyində olmazın işgəncələrinə məruz qalıb. Hüseynağanın iki əkiz uşaqları da əsir düşmüşdü və onlar iki ay sonra əsirlikdən azad edildilər. Vətən müharibəsi zamanı Hüseynağanın iki oğlu könüllü olaraq döyüşlərdə iştirak etdilər.
Əmim oğlu Valeh Hüseynov var, o, gitara ifaçısıdır. Ermənilər onun barmaqlarını yandırmışdılar ki, bir də “Qarabağ şikəstəsi” ifa etməsin. Həmin gecə ermənilər Valehin hamilə yoldaşını da öldürmüşdülər.
İndi valideynlərim Goranboyun Ağcakənd kəndində yaşayırlar. Həmin gecə babamın qardaşıgilin ailəsinin hamısı öldürülüb. Təxminən bir tayfadan otuz nəfər adam ermənilər tərəfindən öldürüldü.
Vasif Əlihüseyn