Cavid Osmanov: “Ordumuzun gücünün qorunub saxlanılması, onun yeni silahlarla təmini hər zaman prioritet məsələ olaraq qalır”
“Azərbaycan öz hərbi arsenalını bundan sonra da müasirləşdirməkdə davam edəcək”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan ordusunun zərbə gücünün qorunub saxlanılması, dövlətimizin müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması baxımından bu istiqamətdə mütəmadi addımların atılması təqdirəlayiqdir:
“Məlum olduğu kimi, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi bir zəfərə imza atdı, işğalçı ordunu darmadağın edərək 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan torpaqlarımızı azad etdi. Bu böyük, tarixi və möhtəşəm missiyasını isə Ali Baş Komandanımızın rəhbərliyi, xalqımızın dəstəyi ilə Azərbaycan ordusu həyata keçirdi. Bu baxımdan Azərbaycan ordusunun gücünün bundan sonra da qorunub saxlanılması, onun yeni, müasir hərbi texnika, silah-sursatla təminatının davam etdirilməsi olduqca vacibdir. Bu, dövlətimizin hər zaman diqqət mərkəzində saxladığı bir məsələdir. Artıq ölkə başçısı da özünün son çıxşlarında bu məsələyə toxunub, Azərbaycan ordusunun müasir texnika ilə təchizatı məsələsinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətinə mənəvi və diplomatik baxımdan böyük dəstək verən qardaş Türkiyə ilə hərbi müstəvidə əməkdaşlığın bundan sonra da davam etdirilməsi, Türkiyə hərbi sənayesinə məxsus yeni silahların alınması və s. də bu gün və sabah diqqət mərkəzində saxlanılacaq əsas məsələlərdən biridir. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan ordusu öz hərbi arsenalını müasir silahlar hesabına daha da zənginləşdirəcək, xalqımızın, dövlətimizin təhlükəsizliyini hər zaman olduğu kimi, bundan sonra da etibarlı şəkildə təmin edəcək”.
Seymur ƏLİYEV