Qabil Hüseynli: “Məhz ölkə başçımızın açıqlamalarından sonra bir çox dövlət “haqq yoluna” gəldi...”
Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.
Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası istiqamətində lazımi səy göstərmədiyini, Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhd etdiyini, minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etdiyini bildiirb.
Maraqlıdır, 30 ilə yaxın müddətdə erməni işğalına göz yuman beynəlxalq təşkilatların heç deyilsə bundan sonra Ermənistana təzyiq göstərəcəyinə ümid etmək mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu ehtimalın zəif olduğunu vurğuladı:
“Doğrusu onlara ümidini xeyli itirmişəm. Çünki onlar işğalçı ilə işğala məruz qalan arasında fərq qoya bilmədi. Halbuki, onlar Qarabağ probleminin bütün parametrləri ilə tanış idilər. Beynəlxalq təşkilatlar heç deyilsə indi baş verənlərə obyektiv qiymət verməlidirlər.
Biz Vətən müharibəsində Fransanın timsalında bəzi dövlətlərin ədalətsiz açıqlamalrına şahid olduq. Halbuki, Azərbaycan 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarını azad edirdi və bu, beynəlxalq hüquqla onun haqqı idi.
Prezidentimizin apardığı təbliğat, verdiyi müsahibələr dünya ictimai rəyini xeyli dərəcədə dəyişdi. Məhz ölkə başçısının verdiyi açıqlamalardan sonra bir çox dövlət “haqq yoluna” gəldi, daha ədalətli və məntiqli mövqe sərgiləməyə başladı. Bu baxımdan beynəlxalq təşkilatların heç deyilsə bundan sonra Ermənistana təzyiq edəcəyi, onu imzaladığı bəyanatın şərtlərini yerinə yetirməyə məcbur edəcəyinə inanmaq istəyirəm. Baxmayaraq ki, qeyd etdiyim kimi, ümidim xeyli azdır”.
Seymur ƏLİYEV