Asim Mollazadə: “Erməni cinayətlərinin zaman-zaman təkrarlanmasına səbəb bu cinayətlərə hüquqi qiymətin verilməməsidir”
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, “biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”.
Moderator.az-a açıqlamasında Ombudsman Aparatının dünya dövlətlərinə yönəlik çağırışına toxunan millət vəkili Asim Mollazadə, bu cür bəyanatların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Ombudsman Aparatının bu təşəbbüsü, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanladığı bu müraciət təqdirəlayiqdir. Bu məlumatların xarici mediada da yer alması olduqca vacibdir. Bu informasiyalar, tarixi faktlar beynəlxalq ictimaiyyətin erməni vəhşilikləri haqqında geniş informasiya əldə etməsi baxımından önəmlidir.
Doğrusu, dünya dövlətlərinin Mart soyqırımının tanınması istiqamətində hansısa addımlar atacığına inanmıram. Söbbət qismən uzaq tarixdən gedir. Bizim hər hansı dövlətdə siyasi təsirə malik icmamız yoxdur ki, həmin dövlətləri ədalətli qərar qəbul etməyə məcbur edə bilsin. Amma bütün hallarda bu məlumatlar yayılmalıdır. Çünki ermənlər zaman-zaman xalqımıza qarşı çoxsaylı cinayətlər törədiblər. Bu cinayətlərin heç birinə hüquqi qiymət verilməyib. Erməni cinayətlərinin təkrarlanması da məhz bununla bağlıdır”.
Seymur ƏLİYEV