Asim Mollazadə: “Onlar torpaqlarımız işğalda qalanda da, abidələrimiz məhv ediləndə də, mülki insanlarımız atəşə məruz qalanda da susurdular”
Məlum olduğu kimi, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Hansı ki, bu addımın özü təcavüzkar dövlətin məkirli niyyətindən xəbər verir.
Ermənistanın mina təxribatı fonnunda müşahidə edilən məqamlardan biri də beynəlxalq təşkilatların rəsmi İrəvana bu yöndə hər hansı təzyiq göstərməməsidir.
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, beynəlxalq təşkilatların məlum susqunluğunun ədalət anlayışı ilə bir araya sığmadığını qeyd edib:
“Məsələ bundadır ki, torpaqlarımız uzun illər işğal altında qalanda da beynəlxalq təşkilatlar təcavüzkara lazımi təpgi göstərmədi. Bizim maddi-mədəniyyət nümunələrinin məhv edilməsinə, tarixi abidələrimizə edilən qəsdə görə də beynəlxalq təşkilatlar heç bir reaksiya vermədi. Ermənilər mülki insanlarımızı atəşə məruz qoyanda da bu qurumlardan heç bir reaksiya gəlmədi.
Beynəlxalq təşkilatların bu davranışının arxasında çox şübhəli məqamlar durur. Bu, maddi maraqdırmı, səlib yürüşü təfəkkürü iləmi bağlıdır, bilmirəm. Ancaq beynəlxalq təşkilatların erməni cinayətləri ilə bağlı lazımi addımlar atmaması göz önündədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi fonunda beynəlxalq təşkilatların susqunluq sərgiləməsi də ciddi mətləblərdən xəbər verir.
Biz BMT, ATƏT-dən və digər beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistana təzyiq göstərsin. Azərbaycan xalqına qarşı cinayət törədənlər beynəlxaql hüquq müstəvisində cəzalandırılsın. Çünki bu, sadəcə Azərbaycan xalqına deyil, həm də bütün insanlığa, bəşəriyyətə qarşı törəilən cinayətdir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi mütləqdir”.
Seymur ƏLİYEV