Elman Məmmədov: “Bu cür tədbirlər şəhid ailələri üçün də böyük təskinlikdir”
"Belə tədbirlərin təşkilində fəallıq göstərən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə öz təşəkkürümü bildirirəm"
Son vaxtlar ölkəmizdə şəhidlərimizin xatirəsinə həsr olunan çoxsaylı idman tədbirləri keçirilməkdədir. Hansı ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bu cür tədbirlərin təşkilində xüsusi fəallıq sərgiləyir.
Şəhidlərimizin xatirəsinə həsr edilən idman tədbirlərin keçirilməsi onların xatirəsinin yad edilməsi, qəhrəmanlarımızın təbliği və tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Şəhidlərimizin xatirəsinə həsr edilən idman turnirləri son dərəcə dəyərli tədbirlərdir. Bu, vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinin bir yoludur. Şəhidlərimizin adının əbədiləşdirilməsi, onların isminin uca, xatirəsinin əziz tutulması, onların cəmiyyətdə tanıdılması - xüsusilə də məktəblilər, hətta bağça yaşlı uşaqlar arasında tanıdılması çox vacibdir.
Şəhidlərimizin xatirəsinə idman yarışlarının keçirilməsi, müxtəlif turnirlərin təşkili təqdirəlayiqdir. Hər belə tədbir şəhidlərimizin xatirəsinin əziz tutulması, onların təbliği və tanıdılmasın baxımından mühüm əhəmiyyətə malikdir. Bu cür tədbirlər şəhid ailələri üçün də böyük təskinlikdir. Belə tədbirləri alqışlamaq lazımdır.
Mən bu cür tədbirlərin təşkilində fəallıq göstərən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə öz təşəkkürümü bildirir, uğurlar arzulayıram. Bir daha qeyd edirəm ki, belə tədbirlər istər vətənpərvərlik tərbiyəsi, istərsə də şəhidlərimizin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir ”.
Seymur ƏLİYEV