Nəsib Məhəməliyev: “Ermənistanın hüquqi müstəvidə məsuliyyətə cəlb olunması bütün sülhpərvər ölkələrin marağına uyğundur”
“Erməni cinayətlərinin ifşasında Azərbaycan Ombudsmanının xidmətləri danılmazdır”
Xəbər verdiyimiz kimi, Türkiyənin Baş Ombudsmanı Ermənistanı 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı törətdiyi hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə verib. Hansı ki, müharibənin gedişatında məhz Azərbaycan Ombudsmnanının dəvəti ilə ölkəmizə səfər edən Türkiyə Ombudsman təşkilatının nümayəndələri müharibənin gedişatında erməni vəhşiliyi ilə tanış olub, ciddi və çoxsaylı faktla əldə edib.
Türkiyə Ombudsmanının Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə verməsi təcavüzkar dövlətin hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir və bu addım həm də, ölkəmizin, o cümlədən Azərbaycan Ombdusmanının uğuru kimi qiymətləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Ermənistanın hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd edib:
“Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələr bütün istiqamətlər üzrə inkişaf edir. Hər iki ölkənin ombudsman təsisatlarının birgə əməkdaşlıq etməsi, erməni faşizminin insanlıq, bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması olduqca əhəmiyyətlidir.
Qardaş ölkənin Baş Ombudsmanı ölkəmizdə səfərdə olmuş, 44 günlük müharibə ərzində cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Goranboy, Naftalan, Tərtər və digər yaşayış məntəqələrinin qadağan olunmuş raketlərlə bombalanmasını, mülki şəxslərin, uşaqların qətlə yetirilməsini əyani şəkildə görmüşdür. İşğal altında olmuş şəhər və rayonların, o cümlədən tarixi-memarlıq, dini abidələrin tamamilə dağıdılması faktları ilə tanış olmuşdur. Türkiyə Ombudsmanının Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi üçün kifayət qədər maddi sübutlar mövcuddur. Ermənistanın hüquqi müstəvidə məsuliyyətə cəlb olunması Azərbaycanla yanaşı Türkiyənin, separatizmdən əziyyət çəkən digər sülhpərvər ölkələrin də maraqlarına uyğundur.
Hər kəsə aydındır ki, ermənilər rəsmi olaraq Türkiyənin şərq vilayətlərinə qarşı ərazi iddiaları, saxta ,,erməni soyqırımı,, ilə əlaqədar kompessasiya tələbləri ilə mütəmadi çıxışlar edirlər. Yeni gələn nəsillər türklərə, azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunur. Ermənistan cəmiyyətində baş verənləri təhlil etdikdə bu prosesin hələ uzun zaman davam edəcəyi qənaətinə gəlmək olar. Təbii, birgə əməkdaşlıqda Azərbaycan Ombusman təsisatının da xidmətləri danılmazdır və uğuru kimi qiymətləndirilməlidir.
Dahi Atatürk demişkən, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bizim gücümüz birliyimizdədir”.
Seymur ƏLİYEV