Bakıda 2020-ci ilin iyul ayında keçirilən aksiyada həbs olunan şəxslərə hökm oxunub.
Moderator.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin də aralarında olduğu şəxslər məhkəmənin qərarı ilə şərti cəza alıblar.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Qarabağ əlili Asif Yusifli 3 il 6 ay 25 gün şərti azadlıqdan məhrum edilib.
Hökmə əsasən, bu cinayət işi üzrə Yusifli ilə yanaşı daha 11 nəfər məhkum edilib. Onların arasında AXCP-nin daha 4 fəalı - Elnur Cabbarlı, Müşfiq Quliyev, Elvin Məmmədov və Seymur Əhmədzadə, həmçinin 90-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var. Onlara 2 il 6 aydan 3 il 1 aya qədər şərti cəza verilib.
Bildirək ki, orduya dəstək yürüşündə baş verənlərə görə həbs olunub, bir neçə ay sonra ev dustaqlığına buraxılan 36 nəfərin işi üç qrupa bölünüb. Fuad Qəhrəmanlı və daha 11 nəfərin daxil olduğu qrupun məhkəməsi iyunun 14-də yekunlaşıb. Hökmə əsasən, AXCP Rəyasət Heyətinin dörd üzvü daxil, təqsirləndirilən 12 nəfərə şərti cəza verilib. Qanunsuz əməllərin təşkilatçısı kimi təqdim olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahimin hərəsinə 4 il 1 ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanova 3 il 7 ay, digər təqsirləndirilən şəxslərə isə 2 il 7 ay şərti cəza verilib.
12 nəfərlik daha bir qrupun məhkəməsi isə davam edir.
Qeyd edək ki, ötən ilin iyul ayında Tovuz hadisələrindən sonra Bakıda orduya dəstək məqsədilə keçirilən aksiya zamanı bir qrup şəxs Milli Məclisə daxil olaraq, binaya zərər vurmuşdu.
Xatırladaq ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37 nəfərdir.