Almaniya Baş Prokurorluğu nüfuzlu alim-politoloqun həyat yoldaşı Klara L.-ya Çin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilərək ittiham irəli sürüb. Moderator.az bildirir ki, bu barədə alman departamentinin saytında məlumat yayılıb.
Bundan əvvəl alimin özü Pekinə casusluq edərkən yaxalanmışdı. Qeyd olunur ki, cütlüyə qarşı ittihamlar mayın 20-də irəli sürülüb.
İstintaqın araşdırmalarına görə, Çin kəşfiyyatı cütlüklə alimin 2010-cu ildə Şanxayda hesabatla çıxış etdiyi konfransda əlaqə yaradıb. "2019-cu ilin noyabr ayına qədər olan müddətdə onlar dövlət səfərləri və ya beynəlxalq konfranslar ərəfəsində və sonrasında Çin xüsusi xidmət orqanlarına mütəmadi olaraq məlumatlar ötürüblər", - deyə dövlət qurumunun bəyanatında bildirilir.
Alman analitik mərkəzində çalışan alim və həyat yoldaşının bunun sayəsində əlaqə qurmağı bacardıqları yüksək rütbəlı həmsöhbətlərindən məlumat topladıqları düşünülür. Dəyərli məlumatlar qarşılığında cütlük "haqq" alırmış. İşlə bağlı digər təfərrüatlar hələ ki açıqlanmır.
Xatırladaq ki, iyunun 21-də Rusiya vətəndaşının Almaniyada casusluqda şübhəli bilinərək həbs edildiyi açıqlanmışdı. İlnur N. adlı bir alman universitetinin tədqiqatçısının Rusiya xüsusi xidmət orqanlarında çalışdığı ehtimal edilir. Baş Prokurorluq hesab edir ki, o, Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi ilə ən azı üç dəfə görüşüb və onlara dəyərli məlumatlar verib.
Miraslan