Avqustun 4-də ABŞ-ın 44-cü prezidenti Barak Obamanın 60 yaşı tamam oldu. Onun silahdaşı və Ağ evin hazırkı sahibi Co Baydenin 78, əsas ortaq rəqibləri Donald Trampın 75 yaşı olduğunu nəzərə alsaq, bir amerikalı siyasətçi üçün, belə desək, uşaq yaşıdır.
Amerika ənənəsinə görə, iki müddət işləyən prezidentlər təqaüdə çıxmalı və ölkənin siyasi həyatında iştiraklarını minimuma endirməlidirlər. Obama tez -tez bu qaydanı pozmaqda günahlandırılır.
Moderator.az həftəlik "Arqumentı i faktı" qəzetinin bu ittihamların səbəblərini araşdıran yazısını təqdim edir.
Obama, geri dön!
"Geri dön, Barak" - 2018 -ci ildə “Emmi” mükafatına namizəd olan amerikalı sənətçi Chance the Rapperin mahnısının adı belə idi. "Hər gecə televizoru açıb ağlayıram" - deyə mahnıda oxunur. - Özümə sual verirəm: “Niyə?” Və hiss edirəm ki, tezliklə hamımız öləcəyik. Ona görə də qayıt, Barak".
Mahnı 2018-ci ildə bir çox amerikalıların qəlbinə yol tapdı. Bundan iki il əvvəl ölkədəki prezident seçkilərində eksentrik milyarder Donald Tramp gözlənilmədən qalib gəldi. Bu, Amerika əhalisinin liberal hissəsinə zərbə idi. Onlara elə gəlirdi ki, 2012-ci ildə ABŞ-ın ilk qaradərili prezidenti olan Obamanın ikinci müddətə seçilməsi ilə liberal yol, nəhayət, qalib gəldi. Obamanın dövründə homoseksual evliliklər qanuniləşdirildi, miqrantların hüquqları genişləndirildi və özü də qaradərili amerikalıların uğur arzularının təcəssümü oldu. Obama vəzifəsini 58%-lik payla tərk etdi və bu, gedən prezident üçün çox yüksək bir reytinqdir.
Buna baxmayaraq, onun yerinə tamam fərqli bir adam gəldi. Tramp dərhal şirkətləri istehsallarını xaricə köçürməyə və sıravi amerikalıları işdən məhrum etməyə məcbur edən nəzarətsiz miqrasiyaya, artan qloballaşmaya qarşı çıxdı. O, bəlkə də Obamanın əsas “övladına” - ABŞ sağlamlıq sisteminə ağır zərbə vurduğuna inandığı Obamacare tibb islahatlarına qarşı çıxdı. Tramp çıxışlarında sələfini amansızcasına tənqid etməklə əslində onu əsas siyasi rəqibinə çevirdi.
Cavab olaraq sakitlik hökm sürdü. Prezidentlikdən ayrılanda cəmi 54 yaşı olan Obamanın həqiqətən də siyasi arenadan təqaüdə çıxdığı görünürdü. O, Twitter-də çox populyar bloqunu könülsüz saxlayırdı və yeni səlahiyyətlilərin hərəkətlərini tənqid edən hər hansı bir siyasi bəyanat ortaya çıxsa, ən çox həyat yoldaşı Mişelin adından yazılırdı. Və hətta Trampın adı da orada heç çəkilmədi. Keçmiş prezident sanki bütünlüklə xeyriyyəçilik fonduna köklənmişdi.
Belə vəziyyət yeni seçkilərə qədər davam etdi və Obama öz üzərinə Amerika siyasətində yeni bir rol götürməyə qərar verdi: Demokratik Partiyanın "xaç atası" rolu.
44-cü yenidən oyundadı
"Düşünürəm ki, Prezident Obama ağzını açmamalı idi. Bilirik ki, o, indiki rəhbərliyin etdiklərini çox sevmir. Bu, başa düşüləndir. Ancaq sizin yerinizə gələn rəhbərliyi tənqid etmək fikrimcə, alçaqlıqdır. Sizin şansınız olub. Səkkiz il prezident olmusuz” - deyə Senatdakı respublikaçıların lideri Mitç Makkonel Obamanı qəzəblə tənqid etmişdi. İş ondadır ki, son prezident seçkiləri kampaniyası zamanı Obama müttəfiqi Co Baydenə (Obamanın dövründə vitse-prezident idi) dəstək vermək üçün əlindən gələni etdi.
“Keçmiş prezident yüksək dövlət vəzifəsini tuta bilməsə də, təmsil etdiyi partiya ölkədəki hadisələrə güclü təsir gücünə malikdir” deyən Y. M. Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr Elmi Tədqiqat İnstitutunun Şimali Amerika üzrə Tədqiqatlar Mərkəzinin rəhbəri Viktoriya Juravlyova “ABŞ-da siyasi partiyalar və partiya quruluşu böyük təsir gücünə malikdilər” söyləyir. Hillari Klintonun məğlubiyyətindən sonra demokratik düşərgə dağılmağa başladı. Klinton klanının partiyaya təsiri azaldı, növbəti prezidentliyə kimin namizəd olacağı tam aydın deyildi. Və bu an səhnəyə Obama çıxdı.
“New York Magazine” və” Vanity Fair” kimi Amerika nəşrlərinin mənbələrinə görə, Trampın hakimiyyətdə olduğu dörd il ərzində Obama xalqın onu hakimiyyətə nə ücün gətirdiyini anlamağa çalışdı. “Politico” nəşrinin yazdığına görə, Obama bütün əsas prezidentliyə namizədlərlə görüşlər keçirdi: senatorlar Berni Sanders və Elizabet Uorren, Massaçusets ştatının qubernatoru Deval Patrik və başqaları ilə. Partiyadan son namizəd Obamanın da köməyi sayəsində Co Bayden oldu.
Sonra Obama birbaşa seçki kampaniyasına qatıldı. "Ən başlıcası, bu pandemiya, nəhayət, rəhbər vəzifələrdə olan bir çox insanın nə etdiklərini başa düşdükləri barədə yanlış fikir pərdəsini tamamilə aradan qaldırdı. Onların çoxu bir şeyə görə məsuliyyət daşıdıqlarını iddia etməyə belə cəhd etmirlər", - deyə Obama özünün onlayn müraciətində bildirdi. Düzdü, "rəhbər vəzifələrdə olan adamların" adlarını açıqlamadı, amma hamıya aydın idi ki, bu, Trampa qarşı bir oyun idi. Ən azı “The New York Times”, CNN, “Washington Post” və digər qəzetlər bunu belə təqdim etdilər.
Obama yalnız prezident seçkilərinə təsir etməklə kifayətlənmədi.
Barak Obama Co Baydeni prezident seçkilərində qələbə münasibətilə təbrik edir
"Kölgə prezidenti"?
2020-ci ildə Co Bayden seçkilərdə Donald Trampa qalib gəldi. Bir çox mütəxəssis bu qələbənin Trampın mövqeyinə xələl gətirən koronavirus pandemiyasının nəticəsi olduğuna əmindir, çünki onun dövründə Amerika xəstələnənlərin sayına görə dünya liderinə çevrilmişdi. Digərləri isə “Bayden Obamanın dəstəyi olmadan qələbə qazana bilməzdi” qənaətindədir.
Respublikaçılar bu əlaqəni dəfələrlə dəf etməyə çalışdılar. Baydenin yaşlı olduğunu və Obamanın əsl prezident olacağına işarə etdilər. Yazdılar ki, Obama ölkəni pərdə arxasından idarə etmək üçün Baydeni öz adamları ilə əhatə etməyə çalışır... Əslində bu qorxuların gerçəkləşmə ehtimalı yox idi. Nəticədə idarədəki ən əhəmiyyətli vəzifələrin çoxu Baydenin yaxın dostları, məsələn, Dövlət katibi Entoni Blinken və ya Milli təhlükəsizlik məsləhətçisi Ceyk Sallivan tərəfindən tutuldu.
Obamanın ona həddən artıq təsir etməsi ilə bağlı ittihamlar Baydenin özünü də əsəbləşdirir. Bəlkə də o, bu səbəbdən keçmiş bossunun 60 illik yubiley tədbirində iştirakdan imtina etdi. Ağ evin mətbuat xidmətindən Baydenin tezliklə keçmiş prezident Obama ilə görüşəcəyini və "60-dan yuxarı" klubunda onu layiqincə qarşılayacağına ümid etdiklərini, ancaq tədbirə qatılmayacağını söylədilər.
Tərcümə və təqdim etdi: Miraslan