Hazırda Avropada 200 mindən çox əfqan var: sığınacaq istəkləri rədd edilib, amma yenə də evlərinə qayıtmırlar. Əfqanıstan indi “Taliban” tərəfindən işğal edilib, lakin Avropa miqrasiya xidmətləri sığınacaq qərarlarına yenidən baxmağa tələsmir. Bu arada “Taliban” rəsmiləri bütün əfqanların vətənə dönməsini tələb edirlər. Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
Qəzet yazır ki, 2012-ci ildən bəri minlərlə əfqan Avropaya axın edib. Demək olar ki, hamısı qaçmalarına səbəb kimi “Taliban” qorxusunu əsas gətirərək sığınacaq istəyib. O vaxtdan bəri sığınacaq istəklərinin rədd edilməsinə baxmayaraq, Avropa ölkələrini tərk etməyən 200 mindən çox əfqan qitədə qalır.
Qəzetin qeyd etdiyi kimi, əvvəllər miqrasiya xidməti sığınacaq verməkdən imtina etməsini Əfqanıstandakı vəziyyətə ABŞ qoşunlarının nəzarət etməsi ilə əsaslandırırdı ki, bu da ölkəni nisbətən təhlükəsiz edirdi. Lakin indi Əfqanıstanı taliblər idarə edirlər. Beləliklə, insanların qaçmasının səbəbi reallığa çevrildi.
Qəzet yazır ki, “Taliban” sözçüsü Zəbihullah Mücahid Avropadakı bütün əfqanların geri dönməli olduğunu söyləsə də, bir çoxları ölkədəki yeni qayda-qanundan qorxaraq geri dönmək istəmirlər.
“Bild” yazır ki, 2012-ci ildən bəri təkcə Almaniyada 101790 əfqanın sığınacaq tələbi rədd edilib. Eyni zamanda onlardan yalnız 1050 nəfəri Əfqanıstana qayıdıb. Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsi hələ ki, deportasiyanın həyata keçirilməyəcəyini bəyan edib. İdarə rəsmiləri Əfqanıstandakı vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyindən yeni rəsmi hesabat gözlədiklərini bildirib. Vəziyyət dəyişsə də, rədd edilmiş sığınacaq istəklərinin statusu hələ nəzərdən keçirilməyəcək.
1980-ci illərdə Livandan olan on minlərlə qaçqının Almaniyada iş icazəsi almadığını, nəticədə sosial sahəyə yük olaraq qaldığını və qismən cinayətkarların sayını artırdığını qeyd edən qəzet Almaniyanın yenidən bir köç fəlakəti yaşamaq riski ilə üz-üzə qaldığını yazır. Amma Federal Miqrasiya və Qaçqınlar İdarəsindən belə bir ssenarinin nəzərdə tutulmadığı bildirilib. Problemin həll yollarından biri kimi onlara iş icazələrinin verilməsi təklif olunur.
Miraslan