Farer adalarında keçirilən ənənəvi dəniz məməliləri ovu bu dəfə bir çoxlarının qəzəbinə səbəb olub. Belə ki, bu dəfə son 20 ildə rekord sayda, yəni 1400 delfin öldürülüb. Bundan əlavə, tədbirə az adamın qatılması səbəbindən proses əhəmiyyətli dərəcədə gecikib. Bu, heyvanların həmişəkindən daha çox əziyyət çəkməsinə səbəb olub. Ancaq Danimarka hökumət dairələri onların hamısının effektiv şəkildə öldürüldüyünü iddia edirlər. Moderator.az bu barədə Almaniyanın “Das Erste” telekanalına istinadla xəbər verir.
Farer adaları yaxınlığında ənənəvi delfin ovu baş tutub. Dəniz canlıları qayıqların köməyilə suyun dayaz yerinə qovularaq orada öldürülüb. Almaniya telekanalı qeyd edir ki, adətən, ovçuların qurbanı balinalar olur, lakin bu dəfə son 20 ildə rekord sayda - 1400 delfin öldürülüb və prosesin özü xeyli uzanıb.
Bu hadisə adaların Danimarka parlamentindəki nümayəndəsi Syurdur Skaalı dəhşətə gətirib. O, bu dəfə nəyin səhv getdiyini belə izah edib: “Heyvan sürüsü çox böyük idi, sahildə isə adam az idi, bu üzdən proses çox uzun sürdü və heyvanlar buna görə əziyyət çəkdi. Orada gördüklərimizin müdafiəsinə qalxmaq çətindir”.
“Sea Shepherd” ekoloji təşkilatı hadisənin videosunu yayımlayıb. Təşkilatın Almaniya şöbəsinin rəhbəri Manuel Abraas bunları deyib: “Bu, dəniz məməlilərinin indiyədək sənədləşdirilmiş ən böyük qırğınıdır. Çox ehtimal ki, Farer adaları sakinləri bütün bu əti yeyə bilməyəcəklər. Bunun çox hissəsinin sadəcə atılacağı və ya bəzi körfəzlərdə yox olacağından qorxmağa dəyər”.
Farer adalarının kənd təsərrüfatı və balıqçılıq naziri Yakob Vesterqard hadisəyə fərqli qiymət verib. O qeyd edib ki, tədbir zamanı hüquqi çərçivə qorunub: hər bir iştirakçının ovçuluq sənədi olub. O, bu dəfə heyvanların həmişəkindən daha çox əziyyət çəkdiyini də inkar edib: “Şəxsən tanıdığım yerli məmurlarla danışdım və dedilər ki, hər şey yaxşı gedir. Əlbəttə ki, bu qədər delfini öldürmək üçün vaxt lazımdır, amma hər biri effektiv və tez öldürülüb”.
Dənizi qırmızı rəngə boyayan yüzlərlə ölü heyvan - bu kadrlar Farer adalarının sakinləri də daxil olmaqla, hamıya təsir edir. Yerli ovçuluq dərnəklərindən birinin sədri ənənəvi hadisəyə son qoya biləcəklərinə inanır. Adaların Danimarka parlamentindəki nümayəndəsi Syurdur Skaal qeyd edib ki, bu mövzu yerli əhali üçün çox emosional hala gəldi. Bir çoxları balina ovlamağa qarşı deyillər, amma delfinlərin öldürülməsi qəti şəkildə rədd edilir.
“Bu, açıq səma kəsimxanasına bənzəyir. Qan görünür, dəniz qırmızıya boyanır, balinaların ölümqabağı necə çırpındığını görə bilirsən. Bəs kəsim məntəqələrində nə baş verir? Eyni şey, amma qalın divarların arxasında. Donuzlar da ağıllı heyvanlardır. Buna görə də mənəviyyat baxımından balina əti yemək donuz ətindən daha yaxşıdır”, - deyə millət vəkili bildirib.
Miraslan